AZ

Bakıda neft gölməçələri radioaktiv təhlükə saçır? - AÇIQLAMA

Hazırda dünyanın ən böyük problemlərindən biri də radioaktiv çirklənmə ilə bağlıdır. Elə Azərbaycanda da bu problem qalmaqdadır. Xüsusilə paytaxt Bakıda neft çıxarılan ərazilərdə, neft gölməçələri olan yerlərdə radioaktiv təhlükə yaşanmaqdadır. Vaxtı ilə istifadə olunmuş, amma hazırda gölməçə şəklində olan nef quyuları böyük radiasiya mənbəyidir.

Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Asim Mollazadə parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı da qeyd etdiyimiz məsələyə toxunaraq deyib ki, Bakıətrafı kəndlərdə olan neft gölləri radioaktiv maddə saçır. Onun sözlərinə görə, bunun uşaqların sağlamlığına təsiri diqqət mərkəzində saxlanılmalıdır.

Bəs, bu radioaktiv təhlükələrin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? COP29 çərçivəsində ekologiyanın qorunması məsələsində bu təhlükə üçün də addlmlar atılmalıdırmı? Paytaxt Bakının bu problemini necə həll etməliyik?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin nümayəndəsi Amin Məmmədov dedi ki, radioaktiv təhlükə faciəvi bir səviyyədə deyil:

"Amma müəyyən qədər təhlükə var. Quruda neft hasilatı zamanı neft çıxarılandan sonra orada lay suları qalır. Lay sularının tərkibində toksik və radiasiya maddələr ola bilər. COP29 zamanı bura gələn iştirakçılar arasında bu məsələ müzakirə oluna bilər. O da baxır kim tərəfindən təşəbbüs olunacaq. Bütün BMT qurumları kimi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik var, onların nümayəndələrinin ölkəmizə gəlmə ehtimalı var. Onlar iqlim dəyişmələri təhsili ilə əlaqədar, radiasiya problemləri dünyanın müxtəlif yerlərində necə idarə olunmalıdır mövzuları üzrə də paralel sessiyalar təşkil edə bilərlər. Ümumi qlobal miqyasda məsələ müzakirə olunacaq. Konkret Azərbaycanda problem necə həll olunacaq, detallarına gedilməyəcək. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinq keçirib və müəyyən yerlərdə tədqiqat aparırlar ki, insan sağlamlığına təsiri ola bilər, yoxsa yox. Bu məsələlər hamısı araşdırılır. "Qara şəhər" deyilən ərazidə keçmişdə neft emalı zavodları olubdur, onların bir çoxu fəaliyyətini dayandırıb. Bulvara yaxın hissədə Ağ Şəhər salınıbdır, ondan sonra radiasiya fonu, hamısı ölçülür. Tam təhlükəsiz olduğu təsdiqlənəndən sonra orada layihələrin icrasına icazə verilir. Yəni bu baxımdan Ekologiya Nazirliyi Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq edir, bu məsələ ilə bağlı institut tədqiqatlarını aparır. Nazirlik də bununla bağlı müvafiq işlərin dövlət tərəfindən görülməsini həyata keçirilir. Milli Məclisin müvafiq komitəsi də bu məsələni həmişə nəzarətdə saxlayır".

Məsələ haqqında saytımıza danışan AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev söylədi ki, Azərbaycanda radioaktiv çirklənmə narahatçılıq yardacaq dərəcədə deyil:

"Təbii radiasiya fonu hətta orta fondan da bir az aşağıdır. Bakı şəhəri üçün 6-11 mikrorelyef saat, respublikanın müxtəlif əraziləri üçün 6-dan başlayaraq 20-25 mikrorelyef saata bərabərdir. Bu da normal qəbul edir. Amma ayrı-ayrı yerlərdə, təbii ki, müəyyən problemlər ola bilər. Bu da neft, qazçıxarma ərazilərinə aiddir, yerin təkindən çıxıb müxtəlif yerlərdə sular qumlardan süzülərkən toplanma qabiliyyəti var. İndi işğaldan azad olunmuş ərazilərdə radon tərkibli sular var ki, radonun miqdarı yol verilən həddən çox böyükdür. Lakin o da spesifik sahədir. Orada su, əksinə, müalicə məqsədləri üçün istifadə oluna bilər".

Alim qeyd etdi ki, ətrafımız radioaktiv mənbələrlə zəngindir:

"Cənubda İran, qonşumuz Türkiyə, atom elektrik stansiyaları tikirlər, Ermənistanda çox təhlükəli bir Atom Elektrik Stansiyası fəaliyyət göstərir, hələ yenisini də tikmək istəyirlər və belə halda ölkənin radiasiya təhlükəsizliyi məsələsi ön plana çıxarılır. Təbii ki, parlamentdə də, digər məclislərdə də, COP29-un özündə də bu məsələləri müzakirə etmək yerindədir".

Azərbaycanda radiasiya təhlükəsinin qarşısını almaq məsələsinə gəldikdə isə, İslam Mustafayev bildirdi ki, qanunvericilik var, onu təkmilləşdirmək lazımdır.

"Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvüyük, bu, çox mühüm məsələdir. Atom Enerjisi və Beynəlxalq Agentlik ilə tərəfindən çoxşaxəli bir proqram irəli sürülüb ki, 2029-cu ilə qədər bu proqram yerinə yetiriləcək. Eyni zamanda bir neçə layihə yerinə yetiriləcək. Layihələr nəticəsində digər sahələrdə radiasiya məsələləri öyrəniləcəkdir. Amma indi təcili həll olunası bir qaynar nöqtə yoxdur. Ümid edirik ki, bu yaxın gələcəkdə də olmayacaq. Radiasiya elə bir şeydir ki, bundan çox danışanda insanların bəzilərində radiofobik xəstəliyi yaranır, çünki onun nə rəngi, nə iyi bilinmir. Özünü pis hiss edən adamlar belə düşünür ki, o şüalanır. Ona görə də biz bunun haqqında çox danışmırıq, amma onu bilirik ki, bizim ölkəmizdə təmiz ətraf mühit mövcuddur. Milli prioritetlərimizdən də biri təmiz ətraf mühit, ölkəmizi yaşıl artım ölkəsinə çevirməkdir. Hazırda bizim institut işğaldan azad olunmuş ərazilərdə çox geniş tədqiqatlar aparır və tezliklə bunun nəticələrini həm seminarlarda, həm də KİV-lərdə işıqlandıracağıq", - institut rəhbəri dedi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2
Seçilən
70
Mənbələr
Şərh ()
Bağla