AZ

ADPU-da türk professorun məruzəsi dinlənilib

ADPU-da

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun XIV dinləməsi keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədris işləri üzrə prorektor Eldar Aslanov Pedaqoji Forumda bu dəfə Türkiyənin Hacettepe Universitetinin Təhsil fakültəsinin Təhsil elmləri bölməsinin professoru Səlahəddin Gelbalın məruzəsinin dinləniləcəyini diqqətə çatdırıb.

Məruzəçi haqqında məlumat verən prorektor qeyd edib ki, professor Səlahəddin Gelbal həyatının 40 ilindən çoxunu Hacettepe Universitetində təhsil araşdırmalarına, təhsildə qiymətləndirmə üzrə tədqiqatlara sərf edib. Vurğulanıb ki, bu dövrdə professor Səlahəddin Gelbal 50-dək magistant, 40-dək doktorant yetişdirib, tədqiqat sahəsi üzrə beynəlxalq səviyyəli jurnallarda 60-dək elmi məqaləsi dərc olunub. O, müxtəlif illərdə Hacettepe Universitetinin Təhsil İnstitutunun və Təhsil Elmləri bölməsinin rəhbəri vəzifələrində çalışıb.

“Ali təhsildə ölçmə və qiymətləndirmədə yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edən professor Səlahəddin Gelbal ali təhsil sistemində ölçmə və qiymətləndirmənin önəmi, bu sahədə ən son yanaşmalar, ölçmə və dəyərləndirmə metodları haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, müasir dünyada ölçmə və qiymətləndirmə ali təhsil sisteminin ayrılmaz tərkib hissəsi, təhsilin keyfiyyətinin öncül göstəricilərindəndir.

Eyni zamanda, məruzəçi bu sahədə öz təcrübələrini və gəldiyi nəticələri də tədbir iştirakçıları ilə bölüşüb.

Məruzədən sonra iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Dinləmənin sonunda çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məruzəçiyə minnətdarlığını bildirərək son 7 il ərzində fəaliyyət göstərən Pedaqoji Forumun dinləmələrinin təhsil sahəsində aktual mövzuların və problemlərin müzakirəsi üçün unikal platforma kimi formalaşdığını, eyni zamanda, Forumda təhsil sahəsində ən son dünya trendləri, müasir yanaşmalar haqqında məruzələrin elmi-pedaqoji ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb.

Rektor qeyd edib ki, universitetdə təhsildə ölçmə və qiymətləndirmə sahəsində mütəxəssislərin hazırlanması məqsədilə magistratura səviyyəsində “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə tədris həyata keçirilir, eyni zamanda, davamlı olaraq qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində iş aparılır.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla