AZ

Dünya çempionu dünyasını dəyişdi

Almaniya futboluna itki üz verib.

“Football-plus.az” xəbər verir ki, milli komandanın sabiq
hücumçusu Bernd Höltsenbayn vəfat edib.

Martın 9-da 78 yaşı tamam olan futbol veteranı uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib. Höltsenbayn klub səviyyəsində “Ayntraxt” (Frankfurt, 1967-81), “Fort Loderdeyl Straykers” (1981-83), “Memfis Amerikans” (1983-84) və “Baltimor Blasts”ın (1985) formasını geyib. O, yetirməsi olduğu “Ayntraxt”ın heyətində müxtəlif turnirlərdə 524 oyun keçirib ki, bu göstərici üzrə klub tarixində 4-cü yeri tutur. Vinger mövqeyində də çıxış etmiş Höltsenbayn frankfurtluların bundesliqadakı ən yaxşı bombardiridi: bu komandada ölkə çempionatının yüksək liqasında 420 oyuna 160 qol vurub. “Ayntraxt” ilə üç dəfə Almaniya kubokunu (1974, 1975, 1981) qazanan Bernd UEFA Kubokunun (1980) qalibi olub.

Höltsenbaynın yığma karyerası da uğurlu alınıb. O, 1974-cü ildə Almaniya millisi ilə dünya çempionu olub. Ölkəsində keçirilən mundialda meydana çıxdığı 6 oyunda biri finalda olmaqla 2 məhsuldar ötürmə edib. Onun milli formada AÇ-1976-nın gümüş mükafatçısı olduğunu da bildirək. Çexoslovakiya ilə finalda məhz Berndin vurduğu cavab qolu əsas vaxtda almanları məğlubiyyətdən xilas edib (2:2), lakin oyundan sonrakı penalti seriyası rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. Höltsenbayn bundestimdə 1973-78-ci illərdə ümumilikdə 40 oyun keçirib və 5 qol vurub.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla