Füzuli rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 2005-ci il təvvəlüdlü Nemət Bayramlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əli Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 3-nə təyin edilib.
İttihama görə, bu ilin yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Azər Allahverdiyevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisəni törədən Nemət Bayramlının barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli
Demokrat.az