AZ

"Vətənə çempion kimi qayıtmaq istəyirik" - Rzayev

Minifutbol üzrə ölkə çempionatı sona yaxınlaşır. Belə ki, artıq yarımfinalın ilk görüşləri keçirilib. Mərhələnin ilk oyununda "Real Bakı" "Aznur"la (2:2), "Odlar Yurdu" isə "Birbaşa Bakı" (0:2) ilə üz-üzə gəlib. Yarımfinalın cavab oyunları aprelin 20-də baş tutacaq.

Son çempion "Birbaşa Bakı"nın və milli komandanın futbolçusu Mirmehdi Rzayev "FutbolPress"ə açıqlamasında "Odlar Yurdu" üzərindəki qələbəni şərh etdi:

"Oyunun əvvəlcədən çətin keçəcəyini bilirdik. Nəzərə almaq lazımdır ki, yarımfinala yüksələn bütün komandalar güclüdür. Liqa mərhələsində də bu komanda ilə qarşılaşmış və qələbə qazanmışdıq. Şükürlər olsun ki, bu dəfə də məşqçimiz oyunu yaxşı analiz etmişdi və oyunumuz istədiyimiz kimi alındı. İlk hissədə oyun bərabər səviyyədə keçsə də, ikinci hissədə qollar vura bildik və istədiyimiz qələbəni qazandıq. Böyük hesabla qələbə qazana bilərdik, lakin əlimizə düşən 2-3 epizoddan yararlana bilmədik".

Rzayev cavab matçının onlar üçün çətin keçəcəyini qeyd etdi:

"Birinci oyunda qələbə qazansaq da, rahatlaşmaq olmaz. Hələ heç nə bitməyib. Rəqib cavab oyununda bizə qarşı aqressiv oyun sərgiləyəcək. İnşallah, burdan da uğurlu nəticə qazanıb, finala yüksəlmək istəyirik".

Müsahibim məqsədlərinin ancaq çempionluq olduğunu bildirdi:

"Bu il bütün komandalar güclənib. Ümumiyyətlə, minifutbola olduqca böyük maraq var. Bu idman növündə çıxış etmək istəyənlər çoxdur. Bu ilki çıxışımız nəzər saldıqda deyə bilərəm ki, ilk turlarda uğurlu çıxış etdik, lakin sonralar oyunumuzda eniş oldu. Şükürlər olsun ki, toparlanmağı bacardıq. Hazırda çempionatın ən yaxşılarındanıq. İnşallah, mövsümü çempionluqla tamamlamaq fikrindəyik".

Milli komandanın üzvü yığmanın Avropa çempionatının qrup mərhələsindəki rəqiblərini dəyərləndirdi:

"Avropa çempionatındakı rəqiblərimə nəzər saldıqda deyə bilərəm ki, hər biri güclüdür. Fransa və İtaliya ilə ötən il Bakıda keçirilən Beynəlxalq turnirdə qarşılaşmış və qələbə qazanmışdıq. Lakin dediyim kimi, çətin rəqiblərdir. Amma Avstriya ilə üz-üzə gəlməmişik. Rəqibi tanımırıq. Birinci dəfə qarşılaşacağımıza baxmayaraq onları yaxşı təhlil edəcəyik. İlk işimiz qrupdan çıxmaq olacaq. Daha sonra inşallah uğurlu çıxış edib, Vətənə çempion kimi qayıtmaq istəyirik".

Məlik Məlikov
Seçilən
82
Mənbələr
Şərh ()
Bağla