AZ

Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası

“Həkimlərimizi tanıyaq!” rubrikamızda pasiyentlərinə böyük diqqət və həssaslıqla yanaşan, mürəkkəb vəziyyətlərdə xəstələrə yardım edərkən düzgün qərarlar verməyi bacaran Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu Sevda Hüseynovanı Sizə təqdim edirik.
 
O,  2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2010-2011-ci illərdə Mərkəzi Dəmiryol Xəstəxanasında terapevt ixtisası üzrə internatura keçib. 2012-2017-ci illərdə Türkiyənin İstanbul Universitetinin Tibb fakültəsində təhsilini davam etdirərək anestezioloq-reanimatoloq ixtisası üzrə uzman həkim adını alıb.
 
Sevda Hüseynova 2017-2019-cu illərdə İstanbul şəhərində fəaliyyət göstərən Avrasiya Hospitalında anestezioloq-reanimatoloq işləyib. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.
 
Həkim Mərkəzi Gömrük Hospitalında cərrahi əməliyyatlar öncəsi pasiyentlərin ümumi vəziyyətinin qiymətləndirilməsi, anestezioloji taktikanın seçilməsi və aparılması, əməliyyat zamanı pasiyentlərin nəzarətdə saxlanılması, əməliyyatdan sonra intensiv müalicə və müayinə taktikasının seçilməsi və aparılması, əməliyyatdan sonra ağrısızlaşdırma və regional anesteziya prosedurlarının icrası ilə məşğul olur.
 
 
Daim öz üzərində çalışan Sevda Hüseynova öz sahəsi üzrə beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirak edir. O, 2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən XX “İntensiv terapiya” simpoziumunda, 2017-ci ildə yenə orada Türkiyə Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən XXVIII Mexaniki Ventilasyon kursunda, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Anesteziologiya və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən Pediatrik Anestezioloji simpoziumda iştirak edib.
 
Sevda həkim tibb sahəsində uğurlar qazanıb, bir sıra mükafatlara da layiq görülüb. Belə ki, o, 2020-ci ildə Türkiyə Anesteziologiya və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən 53-cü Milli Konqresi çərçivəsində Alparslan Turan adına keçirilən klinik araşdırma yarışmasında "Laparoskopik əməliyyatlarda fərqli intraoperativ oksigen inspirasiya fraksiyalarının qlikokaliks üzərinə təsiri" adlı çalışması ilə birinci yerə layiq görülüb. 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yenə həmin ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.
 
Sevda Hüseynova Azərbaycan Reanimatologiya və Anesteziologiya Cəmiyyətinin, Türk Reanimatologiya və Anesteziologiya Dərnəyinin üzvüdür.
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla