AZ

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

Kreml

Bakı, 18 aprel, AZƏRTAC

Kreml cümə axşamı Fransada rusiyalı biznesmen Artur Oçertniyə məxsus olduğu iddia edilən villanın müsadirə olunmasını pisləyib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, fransız prokurorlara görə, cənub-qərb sahilindəki Anqlet qəsəbəsindəki mülk 2023-cü ilin dekabrında “çirkli” pulların yuyulması ilə bağlı istintaq çərçivəsində müsadirə edilib.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, xüsusi mülkiyyətə hər hansı müdaxilə tamamilə qanunsuzdur. O əlavə edib: “Fransa hakimiyyəti öz hüquq sisteminin əsaslarını sarsıdır. Biz bunu dəfələrlə demişik”.

Fransa mətbuatının məlumatına görə, “Suzanna” adlanan malikanə 2013-cü ildə 5,4 milyon avroya (5,8 milyon dollar) satın alınıb və təmir işlərinin ümumi dəyəri 3,5 milyon avro olub. Təhqiqat “Transparency International” təşkilatının müraciətindən sonra aparılıb. Müstəntiqlər malikanəni müsadirə etmək üçün istifadə olunan vəsaitin mənbələrini araşdırırlar, amma prokurorlar heç kimə qarşı rəsmi ittiham irəli sürülmədiyini vurğulayırlar.

Moskvanın 2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra Rusiyanın milyardlarla dollarlıq aktivləri sanksiyalara görə Avropada dondurulub və ya müsadirə edilib. Kreml müsadirələrə və Avropanın onlardan Ukraynanı silahlandırmaq üçün istifadə etmə səylərinə qəzəblə reaksiya verib və belə addımları beynəlxalq hüququn görünməmiş pozuntusu adlandırıb.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla