AZ

Ayşən Abduləzimova: “Bütün bunlar heç də asan başa gəlmədi” – MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova İdman.bizə müsahibəsi

- “Vasas”la növbəti dəfə Macarıstan çempionu oldun. Qələbənizi necə şərh edərdin?

- Bu il də qarşımıza qoyduğumuz məqsədlərə çatdıq, növbəti dəfə Macarıstan çempionatını və kubokunu qazandıq. Ötən ilki uğurumuzu təkrarlayıb, yeni tarix yazdıq. Düşünürəm ki, avrokubokda çıxışımız da yaxşı alındı, qrup mərhələsini keçməklə Macarıstan voleybol tarixində bir ilkə imza atdıq. Əlbəttə, bütün bunlar heç də asan başa gəlmədi, müəyyən çətinliklərlə, zədələrlə üzləşdik. Buna baxmayaraq, məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək üçün əlimizdən gələni etdik. Çox şükür, məqsədimizə nail olduq. Bu, "Vasas"la artıq dördüncü çempionluğumdur. Həm də kuboku dördüncü dəfə qazandıq. Bunun üçün də çox şadam.

- Bundan sonrakı planın nədir?

- Artıq klub mövsümünü başa vurdum. Keçən ildən zədələrim var. Avropa çempionatından dərhal sonra klubla məşqlərə başlamışdım, mövsümboyu da zədəm müəyyən qədər oyunuma təsir etdi. Həkimlərin də köməyi ilə daha yaxşı oynamağa çalışdım. İndi bir qədər istirahət edib, sonra yenidən zədələrimin müalicəsi ilə məşğul olacağam.

- Macarıstanda Azərbaycan çempionatını izləyirsən?

- Boş vaxtım olanda baxırdım.

- Sizcə, çempion kim ola bilər?

- Əvvəlki illərlə müqayisədə bu il liqamız daha güclü və maraqlı keçir. Pley-off mərhələsini də imkan tapdıqca izləyirəm. Açığı, hansı komandanın çempion olacağı da bəlli deyil, hər bir komandanın şansı böyükdür.

- 4 mövsümdür “Vaşaş” komandasında çıxış edirsiniz. Yenidən müqaviləni artırmağı düşünürsünüz?

- Bununla bağlı dəqiq qərar verməmişm. Lakin bu barədə danışıqlar gedir.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla