AZ

Azərbaycan-Rusiya münasibətlərindən sülhməramlı komponentinin çıxarılması əlaqələrimizi daha da gücləndirəcək -ŞƏRH

Qarabağ iqtisadi regionunda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinə artıq başlanılıb. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Üçtərəfli Bəyanata imza atıblar. Həmin sənədin 3-cü bəndinə əsasən keçmiş Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent Qarabağ ərazisində yerləşdirilmişdi. Bəyanatın 4-cü bəndində sülhməramlı kontingentin qalma müddətinin 5 il olduğu və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etmədiyi təqdirdə, müddətin avtomatik olaraq növbəti dəfə 5 ilə uzadılması göstərilib.

Tarixi Zəfərimizlə başa çatan Qarabağ müharibəsindən ötən üç il yarım müddətdə istər daxildə, istər xaricdə çoxsaylı cəfəng fikirlər səsləndirərək sülhməramlıların yerləşdirilməsini Rusiyanın Azərbaycan ərazisində əbədi mövcudiyyəti kimi təqdim edirdilər. Bəzi qüvvələr hay-küy salırdılar ki, 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanata əsasən, regiona yerləşdirilmiş sülhməramlı qoşunlar (2025-ci il noyabrın 10-da çıxarılması nəzərdə tutulurdu) daimi əsaslarla xidmət aparacaqlar.  Ancaq bu düşüncələr olduqca yanlış idi, çünki sülhməramlı kontingent heç bir halda gizli bir statusla Qarabağa yerləşdirilməmişdi. Sülhməramlı missiya regionda sülhyaratmanın bir mexanizmi kimi fəaliyyət göstərdi. Keçən müddət ərzində sülhməramlıların fəaliyyəti bəzi hallarda mediada, ictimai sferada tənqidlərə məruz qalsa da kontingent sülh mexanizminin bir detalı oldu. Azərbaycan dövlət olaraq elə bir mexanizm qurdu ki, zaman keçdikcə sülhməramlıların əməliyyat modeli daraldı. Azərbaycan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində öz suverenliyini bərpa etdikdən sonra Rusiya sülhməramlılarının regionda xidməti üçün səbəb qalmadı. Çünki regionda separatizm məhvə məhkum oldu, üstəlik, ermənilər öz istəyi ilə Qarabağı tərk edib getdilər. Bununla da sülhməramlıların fəalliyyətinə əsas qalmadı.

Münaqişənin həllindən sonra Rusiya anladı ki burada qoşunlarını saxlamaq mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açacaq. Bu  gün sülhməramlı kontingentin Azərbaycan ərazisindən hətta 10 noyabr Bəyanatında nəzərdə tutulan vaxtdan əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərarın qəbul edilməsi radikal xislətlilərə tutarlı cavab oldu. Qarabağ iqtisadi regionunda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinə artıq başlanılıb. Sözügedən məsələni Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də təsdiqləyib. O bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: "Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Bu reallıq həm də proqnozları ilə Azərbaycan daxilində və Azərbaycan-Rusiya münasibətlərində gərginliyə yol açmaq istəyənlərin nə qədər qərəzli olduğunu bir daha sübut etdi. Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik kontekstində mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır”. 
Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır.
Bu gün baş verən hadisələrə nəzər saldıqda dövlət başçımızın "nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikrinin nə dərəcədə mühüm olduğu bir daha öz təsdiqini tapır.

Şəmsiyyə Əliqızı, "İki sahil"

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla