AZ

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Bakı, 18 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri də məktəblilərin Aşqarlar Kimyası İnstitutuna ekskursiyasının təşkili, onları bu elmi müəssisədə ekoloji problemlərin həlli və ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən elmi işlərlə tanış etməkdir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri bu elmi müəssisəyə ekskursiya ediblər.

Şagirdlər institutun “Heydər Əliyev guşəsi” qarşısında Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitut rəhbərliyi ilə keçirilən görüşdə elmi müəssisənin icraçı direktoru professor Əfsun Sucayev Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29 tədbirindən danışıb. Qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində institutun Tədbirlər planı hazırlanıb: “Həmin planda nəzərdə tutulan tədbirlərdən biri də məktəbliləri ekoloji problemlərin həllinə yönələn elmi layihələrlə tanış etməkdir”.

Ə.Sucayev institut alimlərinin neftlə çirklənmiş ərazilərin təmizlənməsi, işlənmiş yağların regenerasiya texnologiyalarının yaradılması, Bakı Neft Emalı Zavodu tərəfindən Balaxanıda böyük ərazilərə atılmış turş qudrunun emalı üçün yaradılan əlavələrlə bağlı həyata keçirdiyi elmi tədqiqatların əsas nəticələri haqqında ətraflı məlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Məktəblilər akademik Əli Quliyev, akademik İzzət Orucova, akademik Vaqif Fərzəliyev və Kamil Sadıxov haqqında hazırlanmış videoçarxı izləyiblər. Şagirdlər institutun laboratoriyalarında cihaz və avadanlıqlar, habelə bəzi elmi təcrübələrlə tanış olublar.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla