AZ

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı şəhid Şövqiyar Abdullayevin 55 illiyinə həsr olunmuş “Şovqiyar Abdullayev - 55 il” adlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin idarə və müəssisələrindən əməldaşlarının, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elçin Əzimovun, Birinci Qarabağ müharibəsi qazilərinin, şəhid tankçının ailə üzvlərinin və döyüş yoldaşlarının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin həyatı və döyüş yolu haqqında məruzəsi dinlənildikdən sonra şəhidin silahdaşı, tank taborunun komandiri Haci Əzimov, atası Cəmil Abdullayev, qardaşları Şəmsi Abdullayev və Kamal Abdullayev qəhrəmanla bağlı xatirələrini danışıblar.

Qeyd olunub ki, Azərbaycanda müharibələr zamanı fədakarlıq göstərərək canından-qanından qorxmadan döyüşə atılan minlərlə igid oğul və qızlarımız olub. Bunu həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində gördük. Vətənpərvər gənclərimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşdular, adlarını tarixə yazdırdılar. Azərbaycanın belə cəsur övladlarından biri də Milli Qəhrəmanımız Şövqiyar Abdullayevdir.

Şövqiyar Abdullayev 1969-cu il aprelin 5-də Qərbi Azərbaycanın qədim Göyçə mahalında Basarkeçər rayonunun Nərimanlı kəndində müəllim ailəsində dünyaya gəlib. Yeddi yaşında Şövqiyar hamı kimi orta məktəbə yollanıb. Onu tanıyanların bildirdiyinə görə, biliyi, bacarığı, davranışı ilə həmyaşıdlarından fərqlənib.

1992-ci il avqustun 23-də onun tank heyəti Gülablı kəndi ətrafındakı mövqelərdəndən Ağdərəyə, Drambon kəndinin düşməndən azad edilməsinə kömək üçün göndərilib. Sərsəng su hövzəsi yaxınlığındakı Drambon kəndi erməni yaraqlılarının əlində idi. Kəndin ətrafında mövqe tutmuş düşmən Milli Ordumuzun əsgərlərini güclü atəşə tutaraq onların kəndə daxil olmasına imkan vermirdi. Lakin Ş.Abdullayev atəş aça-aça kəndə doğru irəliləyərkən qəflətən erməni yaraqlıları onu qumbaraatanlardan tank atəşinə tutublar. O, hər iki ayağından yaralanaraq Ağdam hərbi hospitalına çatdırılıb.

Bildirilib ki, 1992-ci il avqustun 27-də baş vermiş ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etməyi bacarsa da, özü qəhrəmancasına şəhid olub. Qorxmaz komandirin cənazəsi Bakıda Şəhidlər xiyabanında böyük ehtiramla torpağa tapşırılıb.

Dövlətimiz belə cəsur oğulların Vətən qarşısında xidmətlərini unutmayıb. Azərbaycan Prezidentinin 1993-cü il 5 fevral tarixli Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Tədbirin sonunda Azərbaycan Ordusunun Vətənə müharibəsindəki möhtəşəm Zəfərinə və hərbi-vətənpərvərliyə həsr edilən mahnılar səsləndirilib.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla