AZ

İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı – ŞUŞA TƏHLİL

Müasir Azərbaycan özünün yeni bir inkişaf dövrünü yaşayır. Zəfər qazanmış Azərbaycanın hər bir sahəsində onu uğurlar müşayiət edir. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilir: "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub", - deyə Prezident çıxışlarının birində bildirmişdir.İşğaldan azad olunan digər ərazilərimiz kimi, şuşa da özünün tarixi bir zamanını yaşayır. Dünyanın ən gözəl məkanlarından birinə çevriləcək Şuşamızda irimiqyaslı layihələr icra olunur.
QARABAĞIN TACI ŞUŞA
Bu günlərdə Prezident İlham Əliyev "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Vurğulamaq yerinə düşər ki, Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi. Əsrarəngiz, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin irsi bu şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasında əsas faktorlardandır. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. İl ərizində türk dünyasının mədəni tədbirləri keçirildi və bu hələ də davam etməkdədir. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Qarabağın tacı olan Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi böyük həqiqətlərə söykənirdi. Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiq olan şəhərdir. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
ŞUŞAYA XÜSUSİ EHTİRAMIN İFADƏSİ
Türk dünyasının mədəniyyət paytaxtından estafet islam dünyasına ötürüldü. Belə ki, dövlət başçısının Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsnadır. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılıb və təhqir olunubdur. Bu gün Şuşaya gələcək hər kəs bu mövcud vəziyyəti bir daha görəcəkdir. Qısa bir zamanda cənnəti xatırladacaq Şuşa nəinki türk, islam dünyasının bütün bəşəriyyətin mədəniyyət paytaxtına çevriləcəkdir. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.Bu gün Azərbaycanın, türk və islam dünyasının mədəniyyət beşiyi qədim Şuşa yeni bir dövrünü yaşayır.
NƏBZİ BÖYÜK ZƏFƏR ATƏŞİ İLƏ DÖYÜNƏN ŞƏHƏR
28 il həsrət qaldığımız qədim Şuşamıza yollar açılıb. Alınmaz qala, mədəniyyətimizin beşiyi Şuşanın al, əsrarəngiz bir libasda nəbzi böyük Zəfər atəşi ilə həmahəng döyünür. İllərlə həsrətdə qaldığımız və halından xəbər tuta bilmədiyimiz Qarabağın tacı yeni bir ruzigarını yaşayır. Sınmayan, əyilməyən məğrur Şuşa qapısından qovduğu düşmənə kimliyini sübut edərək, Şuşa dağlarından, Cıdır düzündən sezilən intizara son qoydu və buzlaşmış, donmuş nəfəsinə təbiətin rəngarəngliyi istilik gətirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər və xalqımıza belə müjdənin verilməsi tarixi yaddaşımızda bir aforizmə çevrildi. Artıq biz Şuşaya qayıtmışıq. Tarixi yaddaşı əsrlərin sorağı olan Şuşaya. O Şuşaya ki, daşlaşmış yaddaşında tariximiz, keçmişimiz yaşayır.
XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Xalq əfsanəsinə görə isə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" adlandırmışlar. İşğaldan azad olunan Şuşada qısa zamanda həyata keçirilən yenidənqurma işləri nəticəsində şəhər dünyanın ən gözəl məkanları siyahısında öz layiqli yerini tutacağına şübhə yoxdur. Heydər Əliyev Fondu tərəfindən də bərpa layihələri həyata keçirilir. Bunların sırasına Mehmandarovların malikanə kompleksinin təmir və bərpası, dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işləri, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir.
ƏMƏKDAŞLIQ PLATFORMASINDA TƏDBİRLƏR
Dövlət başçısının məlum Sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan edildi. Bu münasibət qədim şəhərin özəlliklərindən qaynaqlanır. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu və bu yol onun beynəlxalq aləmdə tanınması üçün geniş imkanlar açmış oldu. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinin Şuşada yenidən əvvəlki yerlərinə qoyulması, mədəniyyət şəhərində vaxtilə keçirilən "Xarıbülbül" festivalının bərpa olunması bu məkandan işıq sürəti ilə dünya ölkələrinə yayıldı. Dünyanın gözü şəhərin gözəlliyinə yönəldi. 2022-ci il dövlət başçısı tərəfindən Şuşanın bərpasının sürətləndirmək məqsədilə "Şuşa ili" elan olundu. Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşada olaraq tarixi Zəfərimizin təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, yeni dostlar qazanmaq imkanı əldə etdilər. Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi Fəramuşan" şairlər məclisi keçirildi. Hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoyması təqdirəlayiq hal kimi dəyərləndirildi. Şuşa şəhərinə qonaq gələnlər Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin Məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Qazançı kilsəsi, Şuşa qalası və Cıdır düzü, erməni separatçıları tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri ilə tanış olaraq yararsız hala salınan məkanlar haqqında təsəvvürlərinin daha da genişləndirmiş oldular.Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilməsi daha qədim tarixi şəhərimizə olan etimaddır.

Zümrüd BAYRAMOVA

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla