AZ

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib.

Qida eksperti Fərid Səfərov BiG.AZ-a bildirib ki, süni trans yağ maye yağların bərk yağlara çevrilməsi nəticəsində əmələ gəlir. Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən təsirli və asan üsulu balanslı qidalanmaq və trans yağ qəbulunu məhdudlaşdırmaqdır:

"Trans yağ, təbii olaraq bəzi heyvan mənşəli qidalarda olan və sənaye üsulu ilə yaradılmış süni trans yağ kimi görünən bir növ doymamış yağ turşusudur.

Süni trans yağ maye yağların bərk yağlara çevrilməsi nəticəsində əmələ gəlir.

Süni trans yağlar hidrogenləşdirilmiş yağlar kimi tanınır. Çünki süni trans yağlar maye bitki yağlarına hidrogenin əlavə edilməsi ilə yaradılan sənaye yağlarıdır.

Trans yağlar qida sənayesində qidaları daha dadlı etmək və rəf ömrünü uzatmaq kimi bir çox məqsədlər üçün tez-tez istifadə olunur. Bir çox məhsulda rastlaşsaq da, tərkibində trans yağ olan əsas qidaları aşağıdakı kimi sıralamaq olar:

- marqarin.
- qablaşdırılmış hazır qidalar.
- krakerlər, çipslər.
- qızardılmış xəmir məhsulları.
- dondurulmuş pizza.
- dondurma.
- bütün hazır şirniyyat məhsulları.
Trans yağların istehsalının daha ucuz olması, istifadəsinin daha asan olması və qidaların uzun müddət xarab olmadan qalması üçün istifadə olunması onların qidalarda tez-tez rast gəlinməsinin əsas səbəbidir.

Tərkibində trans yağ olan qidaları istehlak etməmək üçün bir çox vacib səbəb var. Trans yağın əsas zərərlərini aşağıdakı kimi sıralamaq olar:

- artıq çəki və ya piylənmə problemləri olan insanların bədənində iltihabı artıra bilər.
- insulin müqavimətinə və tip 2 diabetə səbəb ola bilər.
- ürək xəstəlikləri riskini artırır.
- qan damarlarına zərər verə bilər.
- bədəndə artan iltihaba səbəb ola bilər ki, bu da xroniki xəstəliklərə yol aça bilər.

Trans yağların yaratdığı bütün bu zərərli təsirlərdən qorunmağın ən təsirli və asan üsulu balanslı qidalanmaq və trans yağ qəbulunu məhdudlaşdırmaqdır.

Sağlam qidalanaraq sağlam yaşayın!"


BiG.Az
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla