AZ

Erməni lobbisi qondarma “soyqırım”dan müəyyən dividentlər əldə etməyə çalışır - STM-nin sektor müdiri

Hər il 24 aprel tarixində Ermənistan tərəfindən uydurulmuş qondarma “erməni soyqırımı”nın ildönümü keçirilir. Ermənistan bu məsələdə Türkiyəni günahlandırır və onlardan “soyqırım”ın tanınmasını tələb edir. Türkiyə isə bunun doğruluğunun sübut olunması üçün qarşılıqlı olaraq arxivlərin açılmasını təklif edir. Lakin Ermənistan bununla razılaşmır.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov Herbiand.az-a bildirib ki, 24 aprel tarixində qondarma “erməni soyqırımı”nın qeyd olunması ilə bağlı erməni lobbisi hər il fəal surətdə bu mövzunu gündəmə gətirir və işıqlandırır:

“Hətta çalışır ki, bu istiqamətdə müəyyən dividentlər əldə etsinlər, Türkiyəni günahlandırsınlar. Türkiyənin Avropa ailəsi ilə münasibətlərinə, Avropa İttifaqi ilə Türkiyə arasındakı yaxınlaşmasını kölgə altına salsınlar. Bu baxımdan bu il də düşünürəm ki, erməni lobbisi antitürk əhval-ruhiyyəsinin genişləndirilməsinə çalışacaq. Baxmayaraq ki, Rəcəb Tayyib Ərdoğan, eləcə də Türkiyə siyasi isteblişmenti arxivlərin açılması ilə bağlı çıxış edir və təkidlə tələblərini irəli sürürlər. Lakin Ermənistan bunu qulaqardına vurur, gözardı edir. Mən yaxşı xatırlayıram ki, Serj Sarkisyan öz müsahibələrində qeyd edirdi ki, bu məsələyə tarixçilər qiymət verə bilməz və əgər arxivlər açılacaqsa Vatikandakı arxivə nəzər salmaq lazımdır. Yəni, göründüyü kimi Ermənistan artıq müxtəlif arxivlərdə də saxtakarlıqlar edib və buna işarə edir. Eyni zamanda, məsələnin tarix rakursunda yox, siyasət və qərəz müstəvisində həll olunmasının tərəfdarıdır. Bunun özü riyakarlıqdır, ikiüzlülükdür”.

Politoloqun sözlərinə görə, diaspora erməni məsələsini yüz illər boyunca türk-islam dünyasına qarşı tərəziyə qoyur, onu şirnikləndirir, dəstək göstərir və buna nail olmağa çalışırlar:

“Mənə elə gəlir ki, bu il də bundan öncəkilər kimi 24 aprel tarixinə dünya erməniliyi nə qədər yüksək illüziyalarla yanaşsa da nəticə əldə olunmayacaq. Baxmayaraq ki, ABŞ-ın hakimiyyətdə olan partiyası “Demokratlar” indi də hakimiyyətdədir. Lakin seçkiqabağı demək olar ki, məğlub olsalar bu, diasporanın sonuncu qondarma “erməni soyqırımı” günü olacaq. Amma bunu diqqətlə nəzərdə saxlamaq lazımdır və bizim birgə diasporlarımızın, Türkiyəni sevən qüvvələrin bütün bu məsələlərə çox həssaslıqla yanaşmasına ehtiyac var”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla