AZ

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Valideyn uğurunda və uğursuzluğunda övladının yanında olmalıdır:

"Son dönəmdə universitetə qəbul olmaq valideynlər üçün həyati məsələ olub. Abituriyentlərdən çox valideynlər bu marafona qoşulub. Bu startı məhz valideynlər götürür. Valideynlər düşünür ki, onlar universitetə qəbul olanda həkim, müəllim, vəkil olur. Amma bu belə deyil, bu sadəcə ali təhsildir. Türkiyənin bəzi universitetləri attestatla qəbul edir. Sonra aydınlaşır ki,bilik və bacarığın bu universiteti bitirməyə yetərli deyil. Bilməyin üçün şərait yaratdım, amma bunu bitirə bilmirsən. Bizdə isə bunun kökündə başqa məqamlar dayanır. Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Bu gün Azərbaycanda təhsil sahəsində islahatlar aparılmalıdır. Müəllimlər repititor fəaliyyətinə görə məktəbdə dərs keçmirlər. Keçən il 300 bal toplayan olmadı. İmtahanları elə səviyyədə qursunlar ki, valideynlər repititora pul verməsin və müəllimlər şagirdləri incitməsin. Valideyn repititora verdiyi pula görə düşünür ki, uşaq 24 saat oxumalıdır. Amma onun asudə vaxtı da olmalıdır. Valideynlərə bir məsləhət verim. Övladlarınıza bir kəlimə deyin ki, sən uğurunla, uğursuzluğunla mənim övladımsan, səni hər halınla qəbul edirəm. Bu sözü deyə bilin. Nə qədər repititora pul versəniz belə bu sözü övladınıza deyin, onlarda güvən yaradın.Bunu bacarmırsınızsa, psixoloqa müraciət edin. Bu gün mən yeniyetmədən çox onun valideyni ilə işləyirəm. Onlar övladlarına təzyiq göstərirlər ki, universitetə girməsən, get özünü öldür. Bu gün qızım mənim sənətimi davam etdirir. Düşünürlər ki, mən onu məcbur etmişəm. Xeyr, övladım mənə və sənətimə vurğun olduğu üçün yolumu davam etmək istəyir. Bunu hər bir valideyn dərk etməlidir ki,övladları uğurlu olacağı sahə seçməlidirlər. Bir almanı valideyn qırır, ortaya qoyur ki, mən istədiyim yerdə ol. Nəticədə alma çürüyür. Amma o alma budaqda olsa, gözəlləşir, günəşin rəngini alır. Amma biz analar bunu etmirik. Övladım xaricdə oxumasın, yanımda olsun düşünürlər. Valideyn düşünməlidir ki, övladım harada olur olsun, xoşbəxt olsun. Necə yaşayır yaşasın, ona xoş olsun. Övladlarımızı bu cür böyütməliyik".


BiG.Az
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla