AZ

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirdə çıxış edən institutun direktoru professor Kərim Şükürov Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu bildirib. Diqqətə çatdırıb ki, səfərin məqsədi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının təqdimatını keçirmək, “Qafqaz Albaniyası: etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI beynəlxalq konfransda iştirak etməkdir.

Professor Kərim Şükürov Tarix və Etnologiya İnstitutu ilə Türk Tarix Qurumu arasındakı əlaqələrin ildən-ilə genişləndiyini, birgə fəaliyyət üçün yeni istiqamətlər yarandığını vurğulayıb. Qeyd edib ki, hazırda Azərbaycan-Türkiyə tarixinin müxtəlif dövrlərinin tədqiqi ilə yanaşı, mixi yazıların öyrənilməsi, arxeologiya, etnologiya sahələrində əməkdaşlıq formatları barədə müzakirələr aparılır. Elmi nəşrlər, indeksləşmə bazaları, birgə konqreslərin keçirilməsi sahələrində və s. əməkdaşlıq məsələlərinə toxunan professor Kərim Şükürov “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının tarixçilər, diplomatlar, geniş oxucu kütləsi üçün əhəmiyyət daşıdığını, bu kitabın yazılmasında iki ölkənin mütəxəssislərinin iştirak etdiyini söyləyib.

Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen son illərdə Tarix və Etnologiya İnstitutu ilə əməkdaşlığın genişləndiyini, bu elmi müəssisənin 2021-ci ildə keçirdiyi “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpoziumda, 2023-ci ildə keçirdiyi “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfransda iştirak etdiyini xatırladıb. O, rəhbəri olduğu qurumun Azərbaycanla, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Professor Yüksel Özgen, həmçinin Özbəkistanla eyni mövzuda kitabın yazılmasına başlanıldığını, bu işin ortaq türk tarixinin yazılmasının bir parçası olduğunu vurğulayıb. O, ortaq türk tarixi, etnologiyası, arxeologiyası sahəsində elmi əməkdaşlığın inkişafına mühüm önəm verildiyini bildirib.

Tədbirdə çıxış edən AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Mühiddin Macid kitabın nəşrini Azərbaycan-Türkiyə elmi əməkdaşlığı baxımdan yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Türk Tarix Qurumunun Avrasiya Bölməsi tərəfindən 2023-cü ilin yanvarında keçirilən Türkiyə-Azərbaycan əlaqələri üzrə birgə komissiyada “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının yazılmasına qərar verilib, mövzular müəyyən edilib və kitabın nəşri qısa müddətdə reallaşıb.

On altı bölmədən ibarət kitabın redaktoru professor İbrahim Tellioğludur. Nəşrin ərsəyə gəlməsində Türkiyə alimlərindən professorlar Ahmet Taşağıl, Aydın Usta, Bekan Köksü və başqaları, azərbaycanlı tarixçilərdən professorlar Kərim Şükürov, Şahin Fərzəliyev, Tofiq Mustafazadə, İlqar Niftəliyev, Musa Qasımlı, dosent İradə Məmmədova iştirak ediblər.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla