AZ

Can verərkən qarabasma yoxsa o dünyadan mesaj? - Ölümdən sonra həyat varmı?

Bəşər övladı ta qədimdən ölümdən sonrakı həyatın mövcud olub-olmadığı üzərində baş sındırıb. Kiminə görə, bu mütləq həqiqət, kiminə görə isə sadəcə inanc və dini hökm olub. Komaya düşən, kliniki ölüm keçirən insanların hekayələri isə bu mübahisələri bir az da dərinləşdirib. Belə insanların əksəriyyəti ruh aləmini, cənnət və ya cəhənnəmi gördüklərini iddia ediblər.

Bu qəribəliyə şahid olduğunu iddia edənlərdən biri də Avstraliya sakini Linda Kramerdir. O, 2001-ci il mayın 6-da hamam otağında ikən qəfildən huşunu itirib. Sonradan məlum olub ki, Linda 15 dəqiqə ərzində kliniki ölüm keçirib. Məlum vəziyyətdəykən qadın nəhəng göydələnlərlə əhatə olunmuş çiçəkli çəmənlikdə olub. Lindanın dediyinə görə, orada vücudu istənilən formanı ala, rastlaşdığı digər canlılara çevrilə və bir andaca istədiyi yerdə ola bilirmiş. Dediyinə görə, cənnətdə təxminən beş il keçirib. Baxmayaraq ki, onun klinik ölüm vəziyyəti cəmi 15 dəqiqə çəkib.

Daha bir qəribə əhvalatla amerikalı neyrocərrah Eben Aleksander üzləşib. O, 2008-ci ildə kəskin bakterial infeksiyaya görə komaya düşüb və bir həftə bu vəziyyətdə qalıb. Ayılanda başına gələn qəribəlikləri nəqı etməyə başlayıb. Aleksanderin sözlərinə görə, əvvəlcə zülmət qaranlıqda olub, ardınca da ağ işıq görüb. Butün bu proses gözəl bir musiqinin müşayiəti altında baş verib və sonra bir qadın onu “Dravaza vadisi”nə aparıb. Heç nə danışmayan qadın ona sadəcə parıltılı gözlərlə baxaraq gülümsəyibmiş. Aleksander orada tanrıya bənzər varlıqla qarşılaşdığını deyir.

“Həyatımızın mənası var və bunun neyrobiologiya baxımından izahı budur ki, şüurumuz bədənin ölümündən sonra sağ qalır və sevginin gücü bizi birləşdirən ən vacib şeydir”, – amerikalı neyrocərrah ölümdən sonrakı “səyahətini” belə təsvir edib.

Növbəti bənzər hekayənin qəhrəmanı ABŞ sakini Fil Royzdur. O, 2012-ci ildə Dallasdakı evində axşam yeməyi yeyib. Supermarketdən alınmış hazır salatı yedikdən sonra özünü pis hiss edib və onda qarın ağrısı və qusma başlayıb. Ertəsi gün səhər hamam otağına keçən Fil duş kabinində müvazinətini itirərək yıxılıb. Bu zaman bədəni ilə kanalizasiyanın üstünü bağlayıb və kabinəyə su dolmağa başlayıb. Royz müqavimət göstərməyə çalışsa da, gücü yetməyib.

Bundan sonra başına gələnləri sonradan belə xatırlayıb: “Adi yataq otağı boyda bir otaqdaydım, amma ətrafımda başqa insanlar var idi. Dörd ayağı üstə dayanan oğan gördüm. O zarıyırdı və çox xəstə görünürdü. Yaxınlıqda bir qadın var idi, o da zarıyırdı. Qadın iki azyaşlı uşağına görə narahat idi. Sonra qarşıma iki insanabənzər məxluq çıxdı. Çox güman ki, kişi idilər, əyilib məni aşağıdan yuxarıya süzdülər. Biri o birinə dedi ki, “bunun burada nə işi var, o bura aid deyil. Onu yenidən gəldiyi yerə göndərin”. Bundan sonra Royz tuneldən keçərək harasa hərəkət etdiyini hiss edib və ətrafında rəngarəng işıqlar peyda olub. Sonra Fil gözünü açaraq evində – duş kabinəsində olduğunu görüb və özünə gəlib. Görüb ki, su az qala başına çatır. O, gücünü toplayaraq ayağa qalxıb. Fil bu qəribə hadisənin onu həmişəlik dəyişdiyini bildirir: “Artıq ölümdən qorxmuram. Başa düşdüm ki, biz yaşamağa davam edirik. Ruhumuz əbədi yaşayır və biz fərqli yerlərə gedirik”. Lakin Fil artıq iş və karyerada böyük uğur əldə etməyin, böyük pullar qazanmağın mənasını görmür.

Məsələnin elmi izahına gəlincə, əksər alimlər bütün bunları ölüm prosesi zamanı beyin fəaliyyətinin artmasının nəticəsi, yəni adi halüsinasiyalar hesab etməyə üstünlük verirlər. Mistik təfəkkürlü tədqiqatçılar isə bu prosesin axirət həyatının başlanğıcı ilə əlaqəli olduğuna inanırlar. Bu inanca görə, ruhlar müəyyən seçmələrdən keçir və sonra layiq olduqları yerə gedirlər…

Azpost.info

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla