AZ

İddialılar səfərə, “Araz Saatlı” “ölüm, qalım” savaşına çıxır - YENİLƏNİR

Dünən futbol üzrə ölkə çempionatının 1-ci liqasında 22-ci tura start verildi.

İlk matçda “İrəvan” “Şamaxı”nı qəbul etdi. Qərbi Azərbaycan təmsilçisinin biabırçı durumundan xəbərdarsız. Ümumi mənada xaosda “üzən” komanda bu dəfə də “qara zolaq”dan qurtula bilmədi. Rəqibin turnirin güclüləri sırasında qərarlaşmış “Şamaxı” olması isə nəticəni daha da acınacaqlı etdi. Baxmayaraq ki, hesabı meydan sahibləri açdı... “Şirlər” dərhal toparlanaraq vəziyyətdən çıxış yolu tapdılar ki, belədə rəqib qapısına 6 qol vuruldu. Nazim Süleymanovun komandası bunların yalnız birinə cavab verdi. Beləliklə, yekun hesab “İərvan”ın autsayderlər sırasına sürüklənməsini sürətləndirdi. Ramiz Məmmədovun komandası isə asan qələbəylə çempionluq uğrunda mübarizədə şanslarını qorudu. İkinci görüşdə MOİK “Mingəçevir”i sınağa çəkdi. İlk matçdakı halın burda da təkrarlandığını deyə bilərik. Lakin burda “ordu klubu” tez toparlana bilmədi. Nisbətən zəifrəqibin hesabı açdığı qarşılaşmada “hərbçilər” matçın sonlarına doğru özünü “tapdı”. Meydan sahiblərinin 3:1 hesablı qələbəsi indi üçün “faydasız” olsa da, növbəti turlara yatırım xarakteri daşıdı.

Tura bu gün keçiriləcək oyunlarla yekun vurulacaq. Əvvəl “Zaqatala” – “Araz Saatlı” qarşılaşmasına şahidlik edəcəyik. Düzdü, Rüstəm Məmmədovun komandasının “yeri rahatdı”. Lakin bu, kollektivin meydana məğlub olmaq üçün çıxacağı mənasına gəlmir. Ortabablar sırasında qərarlaşan “Zaqatala” mövqeyini qorumalıdı. Qonaqları çətin sınaq gözləyir. Saatlı futbolçuları qələbə üçün döyüşəcək. Çünki artıq onlar üçün 2-ci liqanın addım səsləri eşidilir. İkinci matçda “Difai Ağsu” “doğma divarlar” arasında “İmişli”ni qəbul edəcək. Bu oyunun gərgin mübarizə şəraitində keçəcəyinə şübhə yoxdu. Belə ki, meydan sahibləri “Araz Saatlı”yla aradakı xal fərqinin azalmasını istəmir. Hər halda, onlar gözlənilən təhlükənin fərqindədi. “İmişli” isə mövsümü çempion kimi bitirmək niyyətindədi. Bir xal itkisi belə kollektiv üçün ağır zərbə ola bilər. Odu ki, səfərdən “əlidolu” qayıtmaqdan başqa çarə yoxdu.
Tura “Karvan” – “Qaradağ Lökbatan” matçıyla yekun vurulacaq. Yevlax təmsilçisi ötən həftə iddialı MOİK-i məğlub edərək (1:0) motivasiya tapıb. İndi eyni uğuru lider üzərində təkrarlamaqla xoşbəxtliyi tapmağa çalışacaq. Buna nə dərəcədə nail olacağı isə sul altındadı. Axı lökbatanlıların büdrəmək fikri yoxdu... Daha doğrusu, güclülər arasında xal fərqinin az olması buna imkan vermir. Qeyd edək ki, bəhs edilən oyunların hamısı PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.

17 aprel
İrəvan – Şamaxı 2:6

Samir Qurbanov, 4. Bayram Əliyev, 85 – Bəhruz Teymurov, 31. Elşad Tağıyev, 33-p.; 53; 82-p. Qurban Səfərov, 37. Səbayıl Bağırov, 67.

MOİK – Mingəçevir 3:1
Sabir Allahquliyev, 73. Ramil Orucov, 88. Elşan Sabbaği, 90+4 – Aqil Nəsibov, 70.

18 aprel
Zaqatala – Araz Saatlı
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Difai Ağsu – İmişli
Şamaxı, şəhər stadionu. Saat 15.30.

Karvan – Qaradağ Lökbatan
Yevlax, şəhər stadionu. Saat 16.00.
Xal durumu: Qaradağ Lökbatan – 45, Şamaxı, İmişli – 42, MOİK – 41, Karvan – 32, Zaqatala, İrəvan – 23, Mingəçevir – 22, Difai Ağsu – 16, Araz Saatlı – 10.
Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 15, Elmir Rəhimzadə (MOİK) – 12, Seyxan Fərəcov (Qaradağ Lökbatan) – 10 qol.

KƏNAN BAHADIR

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla