AZ

Səfiyarlı narazıdır: "Məsələ "Qəbələ" olduqda hakimlər səhv etməkdən çəkinmirlər"

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda qərara alınıb ki, Azərbaycan Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununun fasiləsində “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalandırılsın və klub 4000 manat cərimə edilsin. Məsələ ilə bağlı adıçəkilən şəxslə əlaqə saxladıq.

Səbuhi Səfiyarlı "FutbolPress"ə açıqlamasında qərardan narazı olduğunu dedi:

"Oyunun baş hakimi Rauf Cabarovun qərarlarından narazı qaldığım üçün ilk hissənin sonunda ona etirazımı bildirdim. Orada hər hansı təhqirdən istifadə etməmişəm. Bilirəm ki, buna görə cəzalandırıla bilərəm. Sadəcə ola bilsin ki, səhv başa düşüb. Qərardan narazıyıq. İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcəyik. Qeyd etdiyim kimi, sadəcə oyun epizodları ilə bağlı iradlarımı çatdırmışam".

Klub rəsmisi ümumiyyətlə son oyunlarda hakimlikdən narazı qaldıqlarını bildirdi:

"Hakimlikdən narazıyıq. Bundan da əvvəl bizə qarşı düzgün olmayan qərarlar verilib. Məsələn, "Səbail"lə oyunda futbolçumuz Lukas Afrikoya qırmızı vərəqə verilmişdi. Matçdan sonra mütəxəssislər də bunun doğru olmadığını bildirdilər. Bir neçə oyunumuzda nəticəyə təsir edən kobud səhvlər olub. Referilər düşünürlər ki, komanda Premyer Liqanı tərk edəcək, buna görə qərarlara səssiz qalacağıq. Ona görə də mübahisəli epiozdlarda bizim əlehimizə qərarlar qəbul edirlər. Məsələ "Qəbələ" olduqda hakimlər səhv etməkdən çəkinmirlər. Dediyim kimi,  düşünürlər ki, "Qəbələ" taleyi ilə barışıb. Hətta bəzi hakimlər söhbət əsnasında deyirlər ki, Premyer Liqanı tərk edəcəksiniz, nəyə etiraz edirsiniz. Buna görə bəzən haqsızlıqlarla üzləşirik".

Məlik Məlikov
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla