AZ

Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...

Yaxud Əli Kərimli və Sevinc Osmanqızının susqunluğu: Utanc, yoxsa öz sözünə hörmətsizlik?

 

Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməyə başlaması cəmiyyətimiz, eləcə də yerli və beynəlxalq siyasətçilər tərəfindən ölkəmizin növbəti siyasi-diplomatik uğuru kimi dəyərləndirilməkdədir. 2020-ci ilin noyabrında Azərbaycanın razılığı əsasında bölgəyə yerləşdirilən sülhməramlılarının düz 4 il sonra – 2024-cü ilin aprelində yenə rəsmi Bakının sözü ilə ölkəmizi tərk etməsi proseslərin dövlətimiz tərəfindən idarə olunduğunu göstərir. Bu fakt bir daha sübut edir ki, 4 il öncə sülhməramlıların Azərbaycana yerləşdirilməsinə razılıq verən Prezident İlham Əliyev bunu kortəbii, yaxud radikal müxalifətin vaxtilə iddia edtdiyi kimi, təzyiq altında etməyib. Bu, Müzəffər Ali baş Komandan  tərəfindən planlı şəkildə həyata keçirilən gediş olub və Azərbaycan bu gedişdən də qazanclı çıxıb, sülhməramlıların mövcudluğu şəraitində  - 2023-cü ildə lokal antiterror tədbiri ilə suverenliyini təmin edib.

 

Sülhməramlıların ölkəmizi tərk etməsi fonunda yaxın tarixi keçmişlə bağlı bəzi həqiqətlər də yada düşür ki, bunlardan da biri Əli Kərimli və Sevinc Osmanqızının səsləndirdiyi qərəzli, qeyri-obyektiv açıqlamalardır. Hansı ki, bu açıqlamalarda hər iki şəxs sülhməramlıların Qarabağda yerləşdirilməsini əsl faciə kimi dəyərləndirir, onların heç vaxt ölkəmizi tərk etməyəcəyini vurğulayırdı. Sevinc Osmanqızı deyirdi: “2025-ci ildə Əliyev rusu, rus işğalçısını bizim ölkəmizdən çıxara bilsə, yola sala bilsə, hətta Rusiyanın uduzduğu şəraitdə belə... Baxmayaraq ki, Rusiya artıq uduzub, gücsüzdür, hay-hayı gedib, vay-vayı qalıb. Hətta bu şəraitdə belə onu çıxara bilsə, mən ona “bravo” deyəcəm, “birinci” deyəcəm, “müzəffər” deyəcəm”.

 

Təbii, Prezident İlham Əliyevin müzəffər olduğunu isbatlamağa, bunu kiməsə sübut etməyə ehtiyac yoxdur və  azad edilən Qarabağ bunun ən böyük isbatıdır. Habelə, Sevinc Osmanqızının kimisə hansısa söz və ifadə ilə “taclandırmaq” kimi səlahiyyəti və ya statusu da yoxdur. Bu baxımdan, Azərbaycanın milli maraqları ilə çoxdan xudafizləşən, öz xalqı ilə mənəvi bağını qoparan Sevinc Osmanqızının bu mənada kimin haqqında nə deməsinin və ya deməməsinin heç bir əhəmiyyəti yoxdur. Lakin məntiq və əxlaq verilən sözün tutulmasını, edilən vədin yerinə yetirilməsini tələb edir. Bu isə o deməkdir ki, Sevinc Osmanqızı vaxtiylə üzündəki zəhərli təbəssümlə verdiyi bu vədi yerinə yetirməli, İlham Əliyevin həqiqətən də “müzəffər” olduğunu etiraf etməlidir. Yox əgər etmirsə, bu, onun öz sözünə, öz vədinə hörmət etmədiyini, dediyi heç bir sözün məsuliyyətini daşımadığını, daşıya bilmədiyini göstərir.

 

Eyni sözləri “əbədi müxalif lider” Əli Kərimliyə də aid etmək olar. Sevinc Osmanqızı kimi Əli Kərimli də Rusiya sülhməramlılarının Azərbaycana gəlişini ölkəmizin diplomatik uğursuzluğu kimi dəyərləndirir, Prezident İlham Əliyevin heç vaxt sülhməramlıları Qarabağdan çıxara bilməyəcəyini vurğulayırdı. 2020-ci ildəki hərbi-siyasi reallıqdan irəli gələn, milli maraqlarımız gözləmək şərti ilə atılan bu addımdan sui-istifadə edən Əli Kərimli bununla İlham Əliyevi gözdən salmağa, onun xalqımıza bəxş etdiyi tarixi zəfərin əhəmiyyətini azaltmağa çalışırdı. Lakin bu gün Sevinc Osmanqızı kimi Əli Kərimli də min ilin ölüsü kimi susmaqda, sülhməramlıların gedişini heyrət və çaşqınlıq içərisində seyr etməkdədir. Halbuki, istər Sevinc Osmanqızının, istərsə də Əli Kərimlinin sülhməramlıların ölkəmizdən çıxarılmasını alqışlaması, bunu İlham Əliyevin uğuru kimi qiymətləndirməsi onları nəinki gözdən salmaz, əksinə bu etiraf siyasi etika nümunəsi kimi təqdir edilər. Ancaq təəsssüflər olsun ki, hər iki şəxs israrla susmaqdadır.

 

Təbii, onların susqunluğu utancdan deyil, verdikləri sözü, səsləndirdikləri fikrə məsuliyyətsiz münasibətdən qayanqlanır. Bu fakt bir daha onu göstərir ki, həm Əli Kərimli, həm də Sevinc Osmanqızı müxalifətçiliklə vicansızlıq arasındakı sərhədi çoxdan unudublar və bu gedişlə çətin ki, o sərhədi nə vaxtsa xatırlaya, bərba edə bilsinlər.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla