AZ

Yeni platforma neft hasilatındakı azalmanı dayandıracaqmı - təhlil

İlham Şaban: "Gündəlik hasilata 24 min barel əlavə olunacaqsa..."

Aprelin 16-da Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsi çərçivəsində yeni Azəri Mərkəzi Şərqi (ACE) platformasından neft hasilatına başlanıb. Layihənin operatoru olan bp şirkətinin yaydığı məlumata görə, ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır. AÇG-dən ilk hasilat 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. 

ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır: “Yeni hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək”.

ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.

Şirkət bildirir ki, ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır: “Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində formalaşan emissiyaları azaltmağa da kömək edir”.

Qeyd edək ki, ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır. 

Qeyd edək ki, ACE platformasından hasilatın başlanması AÇG-də neft istehsalının azalma sürətinin yavaşlaması baxımından mühüm əhəmiyyət kəsb edir. Son illərdə yataqlar blokundan hasilatın kəskin azalması baş verməkdədir. Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz az -  7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(azalma 10,6 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in (dəyişməyib), 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib(dəyişməyib).

Hesabat dövründə 6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 6,25 faiz). Bunun 5,2 milyon tonu konsorsiumun (azalma 10,3 faiz), 0,8 milyon tonu isə SOCAR-ın payına düşüb (artım 39 faiz).

Xatırladaq ki, 2023-cü ilin birinci rübündə Azərbaycanda 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib (azalma 7,2 faiz). Həmçinin neft hasilatının 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 11,3 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in (2022-ci il yanvar-mart aylarının səviyyəsində) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton (bütün meft hasilatının 24,7 faizi, 2022-ci ilin yanvar-mart aylarının səviyyəsində) təşkil edib.

Hesabat dövründə 6,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 4,5 faiz). Bunun 5,8 milyon tonu konsorsiumun, 576 min tonu isə SOCAR-ın payına düşür.

Hökumət hasilatın azalma tempini yavaşlatmaq üçün AÇG-dəki tərəfdaşlarla müzakirələr aparırdı. Prezident İlham Əliyev ötən ilin sonlarında bu müzakirələr barədə danışaraq, hasilatın azalmasının qarşısının alınması üçün addımlar atılacağını bildirmişdi. 

İlham

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, ACE platformasından hasilatın başlanması elə bu ildən gündəlik hasilatın 24 min barel artması demək olacaq: “Bu o deməkdir ki, əgər indiyədək gündəlik hasilat ildə 35-40 min barel azalırdısa, indi bu azalma tempi ciddi şəkildə aşağı düşəcək. İkinci tərəfdən, platformadan gündəlik hasilat layihə gücündə 100 min barel nəzərdə tutulub. Yeni quyular qazıldıqca hasilat artacaq və 2026-cı ildə layihə gücünə - yəni gündəlik 100 min barelə çatacaq. Bu, ildə 5 milyon ton deməkdir. ACE platformasından hasilatın başlanması ən azı 2030-cu ilədək hasilatın sabit qalmasını təmin edəcək. AÇG-də ildə 18 milyon ton civarında neft hasil olunurdu. Bu həcm ildə 1 milyon ton azalırdı, indi bu azalmanın qarşısı xeyli azalacaq”.

Ekspert ACE platformasının 6 milyard dollar başa gəlməsi ilə bağlı aparılan müzakirələrə toxunaraq onun ən müasir texnologiyalar əsasında yaradıldığını deyir: “Deyirlər ki, çəkilən xərclər özünü doğruldacaqmı? Əvvəla, deyim ki, dünyada ilk platformadır ki, kənardan idarəetmə sisteminə malikdir. Platformanın özü 4 milyard dollara başa gəlib, qalan vəsait quyuların qazılmasına sərf olunacaq. Müasir texnologiyalar əsasında qurulduğuna görə əməliyyat xərcləri az olacaq. Çəkilən xərclər özünü doğruldacaqmı? Bəli, doğruldacaq, hətta qat-qat yüksək gəlir gətirəcək. Bp-nin açıqlamasına baxsaq, platformadan 300 milyon barel neft hasil olunacaq. Bu, neftin orta qiymətini 50 dollardan götürsək, 15 milyard dollar gəlir deməkdir. Yəni 6 milyard dollar xərc çəkib 15 milyard dollar götürmək heç də səmərəsiz biznes hesab oluna bilməz”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk rübündə Azərbaycanın neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb. İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu, neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub: “Belə ki, əmtəəlik neft hasilatı 6,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb. Bu isə o deməkdir ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlarla bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır”.

Millət vəkili bildirir ki, ilk rübdə istehsal olunan sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşüb: “Yəni sənayedə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorların inkişafı ilə bağlı islahatların daha da dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq. 

Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilatla yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir".

Onu da qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 milyard 351 milyon manat həcmində vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 2,7 faiz artıb.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, ilk 3 ayda Azərbaycan 17 ölkəyə 3 490 147,94 min dollarlıq 5 600 505,94 ton neft ixrac edib.

Ölkələr arasında ilk yerdə, həmişə olduğu kimi, İtaliya gəlir. Cari ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 233 891,32 min ABŞ dolları dəyərində 1 930 858,25 ton neft ixrac edib. Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 621 083,92 min dollar dəyərində 1 021 917,3 ton neft ixrac edilib. Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-mart aylarında bu ölkəyə 454 380,81 min dollar 712 883,74 ton neft ixrac edilib.

Neft hasilatı və ixracının azalması Dövlət Neft Fondunun gəlirlərinə ciddi təsir göstərib. Belə ki, bu ilin ilk rübündə dünya bazarında neft  qiymətləri yüksək olsa da, Fondun AÇG-dən gəlirində ciddi azalma var. Fondun məlumatına əsasən bu ilin yanvar-mart aylarında - (01.01.2024 - 01.04.2024 tarixinə) qurumun “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 milyard 447.8 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 29.2 faiz azdır.

2023-cü ilin eyni dövründə sözügedən göstərici 2 milyard 44 milyon ABŞ dolları səviyyəsində olmuşdu.

Dünya SAKİT,
“Yeni Müsavat"

Seçilən
85
6
Mənbələr
Şərh ()
Bağla