AZ

Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir

"Agentliyə qarşı terrorçu damğası vurmaq və onun ləğvinə çağırış etmək yolverilməzdir..."
 
"Agentlik fələstinlilərə dəstək üçün alternativsiz kanaldır və Fələstin məsələsi həll edilməyənədək fəaliyyət göstərməlidir..."
 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gecə BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyi (ingilis abbreviaturası UNRWA) ilə bağlı məsələni müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "m24.ru" nəşri məlumat yayıb.
 
İlk olaraq BMT-nin Fələstin qaçqınlarının işləri üzrə komissarı Filippe Lazarini çıxış edib. 
 
O, BMT-nin Fələstin Qaçqınıarına Yardım Agentliyini (bundan sonra qısa olaraq Agentlik-red.) Qəzzada humanitar yardımın özəyi adlandıraraq onun fəlakətli vəziyyətini təsvir edib.
 
Lazarini məlumat verib ki, bu gün Agentliyin işinin dayandırılmasına və onun Fələstin ərazisindən sıxışdırılmasına hədəflənən məkrli kampaniya aparılır.
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenya söz alaraq "Agentliyə terrorçu damğası vurmağın və onun ləğvinə çağırış etməyin yolverilməz olduğunu" bəyan edib.
 
Nebenzya digər dövlətləri Qərb ölkələrinin Agentliyi maliyyələşdirmədən imtina etməsi fonunda ona pul ödənişlərini artırmağa çağırış edib.
 
O, Rusiyanın "Yaxın Şərq Agentliyinin ehtiyacları üçün könüllü ödənişlərin həyata keçirilməsini" davam edəcəyini vəd edib.
 
Bu bəyanat bir qədər lovğa səslənib, çünki ABŞ və Almaniya Agentliyin büdcəsinə ildə 200-300 milyon dollar vəsait ödəyib, Rusiyanın ödəmələri isə iki milyon dollarla məhdudlaşıb.
 
Nebenzya qeyd edib ki, Qəzzada fəlakətin artmasının qarşısının alınmasının yeganə üsulu dərhal atəşkəsdən ibarətdir. Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsi açıq-aşkar yetərli olmayıb, çünki ona, sadəcə, əməl edilməyib, bu isə günahkara qarşı sanksiyaların tətbiqinə gətirib çıxarmalıdır.
 
Diplomat vurğulayıb ki, bölgədə atəşkəs rejimi ehtiyacı olan bütün Qəzza sakinlərinin humanitar yardıma təhlükəsiz və maneəziz çıxışını təmin edəcək, böhranın bundan sonra genişlənməsinin artan təhlükəsinin qarşısını almağa kömək edəcək.
 
"Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsi açıq-aşkar yetərli olmayıb. Bu qətnamə, sadəcə, icra edilməyib. Ramazan bitib və uzunmüddətli atəşkəs məsələsi yenidən bütün kəskinliyi ilə qarşımızda dayanıb. Biz ona istinad edirik ki, BMT Təhlükəsizlik Şurası bu məsələyə ən yaxın zamanlarda yenidən dönəcək.
 
Bir daha xatırladırıq ki, Təhlükəsizlik Şurasının qətnamələri üzrə öhdəliklərin icra edilməməsi günahkara qarşı sanksiyaların tətbiqinə gətirib çıxarmalıdır. Biz hesab edirik ki, Təhlükəsizlik Şurası bu məsələyə  təxirəsalınmadan baxmalıdır", - Nebenzya çağırış edib.
 
Nebenzya Agentliyin maliyyələşdirilməsinin dərhal tam həcmdə bərpa edilməsinə tərəfdar çıxıb. 
 
O, qeyd edib ki, Agentlik fələstinlilərə dəstək üçün alternativsiz kanaldır və Fələstin məsələsi həll edilməyənədək Agentlik fəaliyyət göstərməli və insanlara kömək etməlidir.
Seçilən
73
39
Mənbələr
Şərh ()
Bağla