AZ

“Qəbələ”nin meneceri, “Səbail”in futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandı

AFFA İntizam Komitəsi Premyer Liqanın XXX turunda yaşananlara hüquqi qiymət verib.

Msport.az xəbər verir ki, “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlını 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. O, “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları matçda hakimləri təhqir edib. “Qırmızı-qaralar” 4000 manat cərimələnib, Səfiyarlıya üç sınaq təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. “Qəbələ”nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

AFFA İntizam Komitəsi “Sumqayıt”ı 2300, “Sabah”ı 1500 manat cərimələyib. Buna adıçəkilən komandaların keçirdikləri görüşdə qeydə alınan neqativ hallar səbəb olub.

“Zirə” ilə ev matçının 52-ci dəqiqəsində azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edilməsi “gənclik şəhəri” təmsilçisini 1500, qarşılaşmanın ardından meydana kənar şəxsin daxil olması isə 800 manat ziyana salıb.

“Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” buna görə 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə bakılıları daha 800 manat xərcə salıb.

XXX turun “Səbail” – “Kəpəz” oyununun 90+3-cü dəqiqəsində “Səbail”in futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “dənizçilər” 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilib.

Seçilən
107
3
Mənbələr
Şərh ()
Bağla