AZ

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Qətər

Bakı, 18 aprel, AZƏRTAC

Qətər Qəzza zolağında atəşkəsin əldə edilməsinə dair İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən qiymətləndirir və müvafiq qəbul edəcək. Bu barədə Qətərin xarici işlər naziri Muhammed bin Abdulrəhman Əl Tani bildirib.

AZƏRTAC Qətərin QNA agentliyinə istinadla xəbər verir ki, Əl Tani bu sözləri Dohada türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi mətbuat konfransında deyib. O, aprelin 1-də İsrailin Suriyanın paytaxtındakı diplomatik iqamətgaha hava hücumuna İranın hərbi reaksiyasına toxunaraq qeyd edib ki, son gərginlikdən sonra regionda həssas bir dövr başlayıb. Nazirin sözlərinə görə, Türkiyənin xarici işlər naziri ilə məsləhətləşmələr aparılıb və vurğulanıb ki, bütün səylər tərəflərin gərginliyi azaltmağa, dialoqa və bölgədəki problemlərin silah və zorakılıqla deyil, məntiqlə həllinə yönəldilməlidir.

Al Tani qeyd edib ki, bu məsələdə Türkiyə ilə koordinasiya davam edir və Doha Ankaranın Fələstinə dəstək mövqeyini yüksək qiymətləndirir. O əlavə edib ki, görüşdə Qəzza zolağında müharibədə son hadisələrlə bağlı məsləhətləşmələr aparılıb və atəşkəsə nail olmaq istiqamətində danışıqlarda yeni təkliflər müzakirə edilib. Qətərli nazir vurğulayıb: “Qəzzada atəşkəslə bağlı danışıqlara gəlincə, Doha danışıqların başlanmasına müsbət töhfə verdi, tərəflər arasında körpü yaratmağa çalışdı və bu, aylar çəkdi. Prosesdə geniş fikir ayrılıqları oldu, biz Misirdəki tərəfdaşlarımızla belə bir qənaətə gəldik ki, Birləşmiş Ştatlar bu boşluğu aradan qaldırmalı və yeni təkliflər verməlidir. Təəssüf ki, bu vasitəçilikdən dar siyasi maraqlar üçün sui-istifadə halları mövcuddur ki, bu da vasitəçilik missiyasının hərtərəfli qiymətləndirilməsini tələb edir”.

Qətərli nazir bildirib ki, qapalı qapılar arxasında bəzi gizli danışıqlar da aparılır və Qətər bu məsələlərdən narahatdır.

 

Seçilən
190
Mənbələr
Şərh ()
Bağla