AZ

İnsanlara verilən ikinci şans – Əfv fəlsəfəsi nədir?

Azərbaycan da daxil olmaqla, dünyanın dünyəvi və hüquqi prinsipləri əsas götürən ölkələrin hər birində cinayət və məhkumluq anlayışları ilə bağlı bir sıra qaydalar tətbiq olunur. 

Özlüyündə humanizm və ədalət prinsiplərinə əsaslanan əfv və amnistiya kimi aktlar müxtəlif növ cinayətlər törətmiş şəxslər üçün bir növ ikinci şans mahiyyəti daşıyır. Əksər ölkələrdə əfv "cəmiyyətə öz borclarını ödəmiş" və ya əfv olunmağa layiq hesab edilən şəxslərə verilə bilər. 

Bəzən də əfv səhvən məhkum edilmiş və ya səhvən məhkum olunduğunu iddia edən şəxslərə verilir. Bəzi dövlətlərin yurisdiksiyalarında əfvin qəbul edilməsi, yəni şəxsin əfv olunmağına razılıq verməsi dolayı yolla onun təqsirli olmasını qəbul etməsi kimi başa düşülür. Belə hallarda əfv edilmək barədə təklifdən bu əsasa görə imtina olunur. 

Tarixi gedişata nəzər salsaq, bir zamanlar edamın tətbiq olunduğu hüquq sistemlərində bu cür humanist addımların tətbiqi olduqca təqdirəlayiq haldır. Müstəqillikdən sonra 1995-ci ildə qəbul edilmiş ilk konstitusiya aktından sonra, ölkəmizdə də mütəmadi olaraq bir çox məhbuslarla bağlı əfv və amnistiya aktları tətbiq olunur. Azərbaycan əfv sərəncamı prezidentin müstəsna səlahiyyətlərindəndir. Amnistiya aktı isə Milli Məclis tərəfindən həyata keçirilir. 

Bəs görəsən əfv anlayışın fəlsəfəsində hansı amillər dayanır və kimlərin əfv edilməsi məqsədəuyğundur? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, əfv institutunun mərkəzində başlıca olaraq mərhəmət və qayğıkeşlik fəlsəfəsi durur:

“Əfv prezidentin müstəsna konstitusion səlahiyyəti olduğundan, ancaq prezident tərəfindən hər hansı bir məhkumun əfv olunması baş verə bilər. Bu zaman məhkumun hansı cinayəti törətməsi ilə bağlı qanunvericilik qaydasında məhdudiyyət yoxdur. 

Hər şeydən öncə əfv institutunun fəlsəfəsində mərhəmət, qayğıkeşlik durur. Bu institut mərhəmət institutu olduğundan məhkumun hansısa cinayəti törətməsi fərq etmir. Əlbəttə ki, əfvin tətbiqi ilə bağlı kriteriyalar vardır. Ayrı-ayrı məhkumlara əfv tətbiq edilərkən, müəyyən kriteriyalara diqqət yetirilməlidir. Hər şeydən əvvəl məhkum edilmiş şəxsin şəxsiyyətinə diqqət edilməlidir. 

Eyni zamanda etdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə baxılmalıdır. Əgər məhkum xüsusilə ağır cinayət törədibsə, bu zaman onun əfv olunması ilə bağlı ciddi yanaşmalar vardır. Digər tərəfdən məhbusun törətdiyi cinayətlə bağlı cəza çəkdiyi müddət, cəza müddəti zamanı göstərdiyi davranışlar və hələ də kriminal elementləri saxlayıb-saxlamamasına baxılır. Burada zərərçəkmişin hansı mövqedə olması da önəmlidir. 

Hüquqşünas bu məsələdə Əfv Komissiyasının müstəsna fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

“Tutaq ki, ağır qətl hadisəsi və ya hadisələri törətmək nəticəsində ömürlük həbs olunmuş şəxslərin bağışlanması elə də asan məsələ deyil. Bu Əfv komissiyası üzvləri tərəfindən ciddi müzakirə olunaraq, prezidentə təqdim olunur. 

Məsələn, məhkum dövlətə xəyanət və yaxud terror aktlarında iştirak etmiş məhkumların bağışlanması ilə bağlı gərək elə müstəsna hallar olsun ki, həmin məhkumu bağışlamaq mümkün olsun. 

Eyni zamanda məhkumun törətdiyi cinayətlər, ailə və sağlamlıq vəziyyəti də əfv zamanı nəzərə alınır. Yalnız bundan sonra komissiya üzvlərinin rəyi əsasında hansısa məhbusun əfv edilməsi ilə bağlı prezidentə təqdimat olunur. 

Əslində komissiyanın bu məsələdə fəaliyyəti heç də sadə deyil və onlar ictimaiyyət qarşısında məsuliyyət daşıyırlar. Ömürlük məhkum edilmiş məhkumların əfv edilməsi ilə bağlı komissiya üzvlərinin üçdə ikisinin müsbət rəyi olmalıdır. İlk konstitusiya qəbul olunduqdan, yəni 1995-ci ildən indiyə qədər 68 əfv sərəncamı olub. Bu əfv sərəncamlarının 33-ü mərhum prezident Heydər Əliyev, digərləri isə prezident İlham Əliyev tərəfindən verilib. 

Bəziləri elə düşünür ki, əfvlə bağlı istənilən müraciət nəzərə alınır, bu, kökündən yanlışdır. Əfv özlüyündə olduqca mürəkkəb bir anlayışdır. Bu məhkumlara verilmiş ikinci şansdır. Hər kəs hər zaman etdiyi hərəkətlərin məsuliyyətini daşımalıdır. Əfv olunmuş şəxs bu şansı həyatının növbəti mərhələlərində layiqincə qiymətləndirməli və öz məsuliyyətini dərk etməlidir. Bu baxımdan əfv institutunun aparıcı prinsipi humanizm mövqeyi və mərhəmət fəlsəfəsidir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Seçilən
46
48
Mənbələr
Şərh ()
Bağla