AZ

Azər Badamov: "Azərbaycanda sabitliyin qorunub saxlanılması ölkə başçısının uğurlu siyasətinin nəticəsidir"

"Yeni Azərbaycan" millət vəkili Azər Badamovla olan müsahibəni təqdim edir.

- Azər müəllim,  deputat olaraq cəmiyyətin parlamentə olan münasibəti sizi qane edir?

- Parlamentin öz funksiyaları var və bu funksiyalar çox şaxəlidir. Qeyd edim ki, 6-cı cağırış Milli Məclisi bu funksiyanın öhdəsindən layiqincə gəlir. Ölkə başçısının qarşısına qoyduğu bütün məsələləri, uğurla icra edərək müasir qanunvericilik bazasını formalaşdırır. Milli Məclis üzvlərinin digər bir funksiyası isə onun təmsil olunduğu idarələrlə işləmək, seçicilərlə dövlət orqanları arasında körpü yaratmaq, onları narahat edən məsələləri gündəmə gətirmək və dövlət orqanlarının diqqətinə çatdırmaq,  problemlərin həll olunması istiqamətində işlərin  görülməsindən ibarətdir. Qeyd edə bilərəm ki, bu gün Milli Məclisin deputatlarının əksəriyyəti bu funksiyanın öhdəsindən gəlirlər və cəmiyyətin üzvləri də millət vəkillərinin işləri ilə yaxından tanış olmaq imkanına malikdir. 

Biz bu  gün texnologiyalar dövründə yaşayırıq və  hər bir millət vəkilinin öz sosial şəbəkə hesabı var.  Onlar həmin hesablarda öz fəaliyyətlərini paylaşırlar və cəmiyyət də bundan xəbərdar olur. Millət vəkilləri eyni zamanda beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edir və dünya arenalarında Azərbaycanın haqq səsinin çatdırmasında yaxından iştirak edirlər. Əlbəttə ki, dövlətimizin beynəlxalq siyasəti ölkə başçısı tərəfindən müəyyənləşdirilir, deputatlar da həmin siyasətin yerinə yetrilməsində iştirak edirlər. Cəmiyyətdə isə Milli Məclis haqqında fikirlər fərqlidir. Çünki cəmiyyətin hər bir üzvü Milli Məclisin fəaliyyətindən razı qala bilməz. Bunun da kökündə cəmiyyətin qurumun fəaliyyəti ilə bağlı lazımi məlumata sahib olmaması məsələsi durur. Vətəndaş hesab edir ki, hər bir millət vəkili hər bir vətəndaş üçün fərdi çalışmalıdır. Bəzi hallarda təəssüf ki, vətəndaşlar bunu başa düşmür və fərqli fikirlərin yaranmasına səbəb olur.

- Qurumlarla münasibətiniz necədir? Bəzi deputatlar müraciətlərə lazımi şəkildə baxmırlar, deyə şikayətlənirlər...

- Qurumların deputatların müraciətlərinə baxılması məsələsi qanun çərçivəsində həyata keçirilir. Subyektiv fikrim ondan ibarətdir ki, müraciətlərim heç vaxt baxılmamış qalmayıb. Digərlərin müraciətlərinə hansı şəkildə baxılırsa hər bir deputat fərdi şəkildə özü səsləndirə bilər. Müraciətlərin hamısının yüz faiz həyata keçirilməsi məsələsi  baş vermir. Çünki vətəndaşdan gələn hər bir müraciətini İcra Hakimiyyəti orqanlarına çatdırırıq. Qeyd edim ki, baxılmamış müraciət qalmır. Məsələn bu gün bir müraciətimə cavab gəldi.

- Müraciətiniz nə ilə bağlı idi?

- Rayonda qəbul keçirilən zaman Qarabağ müharibəsinin qazisi müraciət etmişdi ki, onda əlilliyə əsaslar olduğu halda Sosial Müdafiə Nazirliyi tərəfindən onun əlillik dərəcəsi dəyərləndirilmir. Bu məktubu müvafiq orqana göndərdim və bu məsələ araşdırıldı, nəticədə məlum oldu ki, həmin şəxsin sağlamlıq durumu yerindədir və ona əlillik dərəcəsi düşmür. Çox təəssüf ki, Qarabağ müharibəsində iştirak etmiş bir çox şəxslər həmin iştirakdan  sui-istifadə edirlər. Bir çoxları əlillik dərəcəsi almaq üçün çalışırlar. Öz sağlamlığını itirmiş kifayət qədər insanlar var. Belə olduğu halda lazımi tədbirlər görülür.

- Bəs sizə ən çox hansı məsələlərlə bağlı müraciətlər olunur?

- Müraciətlər ümumi məsələlərlə bağlı daha çox olur. Məsələn, qazlaşma ilə bağlı məsələlər dəfələrlə müzakirə olunub. Qusar rayonunda qazlaşma respublika səviyyəsinə görə uyğun gəlmir. Bu məsələni müvafiq orqanların qarşısında qaldırmışıq və bu mövzuda müraciətlər yenə də daxil olmaqdadır. Onu da qeyd edim ki, son vaxtlar hökumət tərəfindən bu istiqamətdə  addımlar atmağa başlanılıb. Artıq rayonumuzun 5 kəndində qazlaşdırılma planı icra olunmağa başlanılıb. 2 kənddə artıq xətlərin çəkilməsi prosesi yekunlaşmaq üzrədir. Yəni, bu məsələ də öz həllini tapır. Əvvəllər ən çox olunan müraciətlər yolların müasirləşdirilməsi , yolsuzluqla bağlı idi. Bu məsələni hökumət qarşısında qaldırdıq və bu gün deyə bilərəm ki, təmsil olunduğum idarədə demək olar yolların əksəriyyəti yenidən qurulub, asfalt örtüyü ilə təmir olunub. Bununla yanaşı  yenidən qurulmasına ehtiyac olan bir neçə yol qalıb. Bu məsələləri də biz hökümətin qarşısında qaldırmışıq. Məktəb binalarının yenilənməsi ilə bağlı məsələlərdir ki, bu məsələlər də İcra Hakimiyyəti orqanlarının qarşısında qaldırılır. Bundan əlavə elektrik şəbəkəsinin yenilənməsi məsələsi və s. kimi işlər hökumətin nəzarətindədir və biz bu məsələləri gündəmə gətirdikcə rayonun sosial, iqtisadi inkişafı proqramına daxil edilir və mütəmadi olaraq dövlətimizin büdcəsi gücü, iqtisadi resurslar hesabına mütəmadi olaraq həll olunur.

Biz bilirik ki, bu gün işğaldan azad olunmuş ərazilərdə böyük layihələr icra olunur. Bu gün bizim qarşımızda dayanan ən böyük vəzifələrdən biri də "Böyük Qayıdış" proqramına doğru işlərin uğurla icra edilməsidir. Bu  proqramın icrasını dövlətimiz öz iqtisadi gücü hesabına həyata keçirir, bizə kənardan heç bir dəstək yoxdur və dövlətimiz həm işğaldan azad olunmuş əraziləri yenidən bərpa edir, keçmiş məcburi köçkünləri öz ata yurdlarına qaytarır, həm də digər regionlarda  mütəmadi olaraq sosial, iqtisadi layihələr həyata keçirir və vətəndaşların rifahının yaxşılaşması istiqamətində addımları davamlı şəkildə davam etdirir. Yəni, bir dövlətin iqtisadi gücü nə qədərdirsə, o iqtisadi gücünü səfərbər edərək dövlət başçımızın tapşırıqları ilə həm bütün regionların inkişaf etdirə bilərik, həm də işğaldan azad olunmuş ərazilərə yenidən həyat qaytara bilərik. Bizə olunan müraciətlərin bir qismi də iş məsələləri ilə bağlıdır. Müraciətlərin əksəriyyəti dövlət büdcəsi ilə maliyyələşən təşkilatlarda işlə təmin olunmaq istəyi ilə bağlıdır. Biz vətəndaşlara izah edirik ki, əsasən dövlət qulluğu qəbulu ilə bağlı prosedur qaydaları var. Vətəndaş müraciət etməlidir, imtahandan keçməlidir, sənədləri təqdim etməlidir. Ondan sonra dövlət qulluğuna qəbul həyata keçirilir. Digər qurumlarda da hər bir dövlət qurumu özünün müəyyən olunmuş büdcə imkanları daxilində və özünə zəruri həcmdə işçilər götürür. Lazım olandan artıq işçi götürməyə onların imkanı yoxdur. Vətəndaşlar isə bu məsələni yenə də anlamaq istəmir, belə olanda da bəzi hallarda bu məsələlər də öz həllini tapa bilmir. Əsas vəzifəmiz və məqsədimiz vətəndaşlara xidmət etməkdir və hesab edirəm ki, öz səlahiyyətlərimiz çərçivəsində bu vəzifənin icra olunmasına çalışırıq.

- Bir deputat olaraq reallışdırmaq istədiyiniz arzularınız varmı?

- Deputat olaraq reallaşdırmaq istədiyim arzu vətəndaşlara maksimum yararlı olmaqdır. Onların müraciətlərinə maksimum dərəcədə baxılmalı, təmin olunmalıdır. Təbii ki, deputat səlahiyyətləri imkan daxilində maksimum icra edilməlidir.

- Bildiyimiz kimi MM-in Aqrar siyasət komitəsinin üzvüsünüz. Bu sahə üzrə təklif etdiyiniz hansısa layihələriniz olubmu?

- Aqrar sahə iqtisadiyyatın ən önəmli sahələrindən biridir. Müstəqillik illərində bu sahənin inkişafı ilə bağlı böyük qanunvericilik bazası formalaşmışdı. Biz bilirik ki, dövlət dəstəyi olmadan aqrar sahənin inkişafı qeyri-mümkündür. Dövlətimizin dəstək proqramları haqqında geniş danışmaq istəmirəm. Çünki, bu dəstək proqramlarının əhatə dairəsi çox genişdir. Amma mütəmadi olaraq dövr inkişafı ilə yanaşı qanunvericilik bazasının da müasirləşdirilməsi məsələsi gündəmə gəlir. Bununla bağlı qəbul olunan qaydalarda da dəyişikliklərin edilməsi aktuallaşır. Müvafiq orqan tərəfindən təqdim olunmuş qanunlarda dəyişikliklərin edilməsində yaxından iştirak edirik. Həmin qanunların daha müasirləşməsi və aqrar sahənin inkişafına xidmət etməsi istiqamətində qəbul olunmasına töhvə veririk. Yəni, yeni bir qanun layihəsinin gündəmə gətirilməsi məsələsi bu gün o qədər aktual olmadığından mövcud qanunlara yenidən baxılması və həmin qanunların müasir dövrün tələblərinə uyğunlaşdırması istiqamətində işlər aparılır və bu istiqamətdə təkliflərim də olmuşdur.

- Azər müəllim, qonşu ölkələrdə baş verən müharibələrin iqtisadi zərərlərdən yan keçmək üçün necə hərəkət  etməliyik?

- Sağımıza-solumuza baxsaq, görərik ki, hər tərəfdə müharibələr gedir. Şimal qonşumuz Rusiya-Ukrayna müharibəsi davam edir və bu müharibənin sonu görünmür. Yaxın Şərqdə İsrail-Fələstin müharibəsinin də sonu görünmür və neçə müddətdir ki, on minlərlə insanın qətlə yetirilməsi ilə nəticələnir, milyonlarla insanın öz övladlarından didərgin düşməsinə gətirib çıxarmışdır. Bu günlərdə yenə də cənub bölgəsindən qonşumuz İranla bağlı baş verən məsələləri də biz görürük. İranın İsrailə hava hücumlarının edilməsi, İranın Dəməşqdəki konsulluğuna raket zərbələri endirməsi və bu gün yenidən İsrailin İrana zərbələr endirəcəyi ilə bağlı fikirlərin cərəyan etməsi bütün bunlar onu göstərir ki, vəziyyət heç də sabit deyil. Gərginlik və müharibəli bir vəziyyət davam edir. Belə bir regionda Azərbaycan dövləti sabitliyi qoruyub saxlaya bilir. Bu sabitliyin qorunub saxlanılmasının müəllifi dövlət başçımızdır. Bu da dövlət başçımızın apardığı balanslı beynəlxalq siyasəti sayəsindədir. Azərbaycan bu gün sabitlik adasıdır və bir-biri ilə düşmən münasibətdə olan ölkələrlə də münasibətlərimizi qoruyub saxlaya bilirik. Bu baxımdan biz ölkəmizdə təmin olunmuş sabitliklə fəxr edə bilərik, qürur duya bilərik. Həm 30 il işğal altında qalan torpaqlarımızın işğalına son qoya bildik, həm də ölkəmizə olan təzyiqlərə baxmayaraq siyasi sabitliyi qoruyub saxlaya bilirik və inkişafımızı davam etdirə bilirik. Təbii ki, dünyada baş verən müharibələr dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Dünyada gərginliklərin artması maddi baxımdan çətinliklər yaradır. Həm iqtisadi resurslar bahalaşır, dünya iqtisadiyyatında infilyasiyanın, qiymət artımlarının baş verdiyini görürük. Biz də dünyanın bir parçası olduğumuza görə təbii ki, o təsirlərdən yan keçə bilmirik. Amma hökumətimiz xaricdən olan iqtisadi mənfi təsirlərin neytrallaşdırılması üçün mütəmadi tədbirlər görür. Bu tədbirlər müəyyən olunmuş iqtisadi siyasətin uğuru kimi də qeyd edə bilərəm. Birinci növbədə biz çalışırıq ki, ölkənin qeyri neft istehsalı inkişafı eləsin və xarici idxaldan asılılığımız minimuma endirilsin. Ona görə də son vaxtlar qeyri neft sektorunun inkişafı ilə bağlı böyük layihələr icra olunur və nəticələrin də müsbət olduğunu qeyd edə bilərəm. Digər məsələ isə idxal olunan məhsulların qiymətlərində baş verən artımlardır ki, bu artımların da ölkə əhalisinin sosial rifahına təsiri azalması üçün hökumət tədbirlər görür. Bu tədbirlər həm müəyyən proqramların qəbul edilməsi və gömrük, vergi, idxal-ixrac əməliyyatlarında dəyişiklərin edilməsi ilə bağlıdır. Həm də ki, mütəmadi olaraq əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək pensiya, müavinət və maaşların artırılması prosesi davamlı olması ilə bağlı olmasını da qeyd edə bilərik. Deyə bilərəm ki, dövlətimiz maksimum dərəcədə ölkə vətəndaşlarının sosial rifahına xaricdən gələn mənfi təsirlərin yaradılmaması istiqamətində addımlar atır.

Havar Şəfiyeva

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla