AZ

Müqəddəs peşəni sevdirənlər

Müəllimlərim haqqında yazmaq qərarına akademik Telman Əliyevin müəllim və təhsil haqqında düşüncələrini bölüşdüyü çox maraqlı yazısını oxuyandan sonra gəlmişdim. Aradan iki aya yaxın bir vaxt keçsə də, yenə bu yazını tam hazır hesab etmirəm. Düşünürəm ki,  yüzlərlə mənim kimi insanlara ömründən nur paylayanlara layiq olan bir yazını yenə də ortaya qoymamışam. Ancaq hörmətli oxucularımdan xahiş edirəm ki, buradakı qüsurları sadə və müqəddəs ömür yaşamış insanları olduğu kimi, bər-bəzəksiz təsvir etməyimə yozub üzrlü hesab etsinlər.
 
Bəlkə, mən özüm də müəllim olmasaydım , onların hansı əzəmətə layiq olduqlarını bu qədər dərk etməzdim. Onlara xatirələrini əziz tutan məktəb yoldaşlarımdan, dostlarımdan biri kimi yanaşardım. Lakin  56 illik ömrümün 35 ilini şərəfli və çətin müəllimlik sənətinə həsr etmişəm. Müstəqil dövlətimizin qayğısı sayəsində öz zəhmətimlə ölkəmizdə müəlimə göstərilən ən yüksək etimadlara layiq görülmüşəm: ali dərəcəli müəlliməm, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibiyəm, Respublikanın Əməkdar müəllimiyəm… Hər dəfə hansısa mükafata layiq görüləndə öz müəllimlərim  gözlərimin qarşısında olub. Elə bilirəm ki, bu insanlara qiymət vermək üçün hökmən gərək müəllim olasan. Elə bilirəm ki, mərkəzdən uzaqlarda– Kəlbəcərin ən ucqar kəndində yox, paytaxda yaşasaydılar,  onlar daha tez tanınar, ən yüksək təltifləri ilə fərqlənərdilər...
 
Əslində bu yazı şöhrəti dünyaya yayılmış, məzunlarının sorağı hazırda dünyanın müxtəlif ölkələrindən gələn Başlıbel kənd orta məktəbində çalışan müəllimlərin hamısı  haqqındadır. Bu məktəbin yetirmələrin hamısının taleyində müəllimlərdən, bəlkə də, hamısının zəhməti eyni olmayıb, haradasa bəzilərinin rolu daha çox olub. Onların hamısı haqqında kiçik bir məqalədə nə yazmaq olar? Şübhə yoxdur ki, zaman-zaman onların haqqında yazılar olacaqdır. Ancaq mən bu yazımda onların hamısına eyni gözlə baxıram və bunu özümə borc bilirəm. Yazımı da belə təqdim edirəm ki, sənin yetirmənəm, Başlıbel məktəbi, sənə daim borcluyam...
Birinci sinfə gedəndə Başlıbel kəndində orta məktəb yenicə təşkil olunmuşdu. Məktəbin direktoru isə filologiya elmləri namizədi Mirzəyev Əli Sarı oğlu idi. Yaşlı nəsil yaxşı bilir ki, o zaman elmi dərəcəsi olan adamlar respublikada az idi, onların daha yüksək səviyyələrdə vəzifə tutmaq imkanları var idi. Lakin Əli müəllim öz kəndində orta məktəbi təşkil etməmiş ona edilən yaxşı iş və vəzifə təkliflərindən boyun qaçırmışdı. Çətin dağlıq şəraitdə yerli camaatın və kolxozun gücü ilə orta məktəb üçün bina tikdirmişdi. Əli müəllim özü də texnikanın, maşınların çatışmadığı bir dövrdə kədin bir sakini kimi qoşqu heyvanları ilə, arabalarla daş, qum, meşə materialları... gətirilməsində yaxından iştirak etdi...Gəncə dövlət Universitetinin professoru, filologiya elmləri doktoru  Əli Mirzəyev sonralar  məktəbin təşkil olunması haqqında xatirələrini erməni işğalından sonra çap etdirdiyi “Başlıbel faciəsi” kitabında təsvir etmişdir.
 
1963-cü il sentyabrın 1-dən orta məktəb kimi fəaliyyətə başlayan Başlıbel kənd orta məktəbində bir il sonra iki birinci sinif var idi. Birinə Məmmədov Əhəd Cəfər öğlu, o birinə isə mərhum Məmmədov Əbdüləli Səməd oğlu dərs deyəcəkdilər. Mən Əhəd müəllimin sinfinə düşdüm. Mənim ilk müəllimim hazırda Bərdə rayonunun Qarayusifli kəndində yaşayan Məmmədov Əhəd Cəfər oğlu idi. Bizim ibtidai təhsilimiz dövründə Əhəd müəllim də APİ-nin filologiya fakültəsində  qiyabi təhsil alırdı. Beləliklə, tam on il Əhəd müəllimin sinfində – məktəbin birinci  “a” literli sinfində oxudum. Əhəd müəllimin sadə və aydın nitqi, qayğıkeşliyi və tələbkarlığı onu bizim sinfin sevimli müəllimi zirvəsinə qaldırmışdı.
 
Sinfimizdəki uşaqların çoxu yaxşı oxuyurdu, müəllimlərimiz isə çox savadlı və tələbkar idilər.Beşinci sinifdən sinif rəhbərimiz məktəbimizin riyaziyyat müəllimi
Əsədov Məhiyəddin Həsən oğlu oldu. Bütün varlığı ilə məktəbə, maarifə, elmə bağlı olan bu gözəl insanı heç zaman unutmayacağam. Allah rəhmət eləsin! İşindən zövq ala-ala, uşaqlara riyaziyyatı da həyatı da başa sala-sala o, bizim ikinci valideynimizə çevrilmişdi. Onu həm sevirdik, həm də adı gələn yerdə dərhal özümüzü yığışdırırdıq. Şagird olan illərimizin onunla bağlı xatirələri çoxdur. Bizi bəzən elə tənbeh edərdi ki, valideynlərimiz nəinki bundan inciməzdilər, hətta gəlib yalnız təşəkkür edərdilər. Bir dəfə nadinclik etmişdik: 9-cu sinifdə oxuyanda qonşu Xallanlı kəndindəki 8 illik məktəbi bitirib bizim məktəbə orta təhsil almağa gələn uşaqlarla bizdən bir sinif yuxarıda oxuyan uşaqların arasında nədənsə mübahisə yaranmışdı. Onlar bunu “ayırd etməyə” gedəndə bizim  sinifdən də bir neçəmiz ora getdik. Rəhmətlik Məhiyəddin müəllim bunu haradansa bilmişdi. Çağırdılar, qayıtdıq. Lakin oğlanlardan ikisi “dava”nın axırına kimi qaldılar. Təbii ki, o zamankı tənbeh üsulları ilə cəzalarını da aldılar. Səhəri uşaqlardan birinin atası məktəbə gələndə biz elə bilirdik ki, o, məktəbə narazılığını bildirmək üçün gəlib. Ancaq yanılmışdıq. Zəng olan kimi Məhiyəddin müəllim sinfə daxil oldu. Sanki heç bir şey olmamışdı, heç bir qanqaralıq hiss etmədik. Bir neçə dəqiqədən sonra qapı döyüldü.Həmin valideyn qapıda dayandı və icazə istəyib dedi:
 
– Əllərinə qurban olum, müəllim, onu deməyə gəlmişəm ki, böyüyünün sözünə baxmayanın cəzası da gərək böyük olsun. Siz burada bizim yerimizdəsiniz, yaxşı edib cəzasını vermisiniz. Əgər özbaşınalıq olsa, bunlar necə oxuyarlar? 
 
O, bu kimi sözləri deyib getdi. Gözlədiyimizin əksi olan bu qarşılaşma müəllim nüfuzunun, müəllim hörmətinin təsdiqi idi. İndi mən bu gün təlim-tərbiyədə 30-40 il əvvəlki yanaşmaları təhlil etmək fikrində deyiləm. Ancaq bizim müəllimlər şagirdlərinə elə bir qayğı və tələbkarlıqla yanaşırdılar ki, valideyn də bunun qarşılığını onun şəxsiyyətinə göstərdiyi hörmətlə cavablandırırdı.
 
15 ildən artıq bir müddətdə Başlıbel məktəbinə rəhbərlik etmiş əmimin, tarix müəllimimiz Şahbəndəyev Məhəmməd Hüseyn oğlunun xatirəsi mənim üçün olduqca əzizdir. Məktəb direktoru işlədiyi illərdə məktəbin məzunlarının sorağı ən müxtəlif ali məktəblərdən gəlirdi. Təbii çətinliklərə baxmayaraq, şagirdlərin təhsili və təlim-tərbiyəsi üçün əlindən gələni edirdi. İmkansız və maddi cəhətdən ehtiyacı olan ailələrin uşaqlarına məktəb adından köməklik göstərirdi. Onun təşkilatçılığı və məktəbdə yaratdığı  nizam-intizam yüzlərlə ailənin təhsil uğurları qazanmasına və sevincinə səbəb olmuşdur. Ömrünün son illərini məcburi köçkün kimi Bərdə rayonunun Qarayusifli kəndində yaşayan və müəllim kimi çalışan bu ağsaqqal maarif xadimi həmin kənddə dünyasını dəyişmişdir.
 
Müəllim tələbkarlığı və təvazökarlıq fizika müəllimimiz, sonralar on il Başlıbel kənd orta məktəbinin direktoru olmuş Mirzəyev Hacı Məhəmməd oğlunun xarakterik cəhətlərindən idi. Onun haqqında düşünəndə ədalətli və obyektiv obrazı gözümün önündə canlanır. Olduqca xeyirxah təbiətə malik bir insan olan Hacı müəllim bizim ən çox hörmət etdiyimiz müəllimlərimizdən idi.İşdən ayrılması bu qocaman təhsil işçisinin ölümünü, sanki, sürətləndirdi. Bakıda vəfat etdi...
 
Məktəbimizdə dillərin öyrənilməsinə hamı can atırdı. Rus dili müəllimlərimiz Ələsgərov Hüseyn və Əzimov Ağakişi şagirdlərin lüğət ehtiyatını yaxşılaşdırmaq üçün çoxlu kitablar oxudur və tərcümə edirdilər.Dil mühiti olmadığından bunların çoxu unudulsa da, tələbəlik dövründə bu, karımıza gəldi. İndi də  onların zəhməti qarşısında bir daha minnətdar olduğumuzu dönə-dönə xatırlayıram.
 
Lakin ingilis dilinə daha çox maraq göstərirdik. Təəssüf ki, ilk illərdə ixtisaslı müəllim  olmadığından arzumuz reallaşmırdı. Ancaq ingilis dili müəllimi Əzizov Musa Yunis oğlunun gəlişi ilə hər şey dəyişildi. Musa müəllim dərsləri elə maraqlı qururdu ki, keçdiyimiz dərslərdəki bütün sözlər yaddaşımıza hopurdu. Mənim xüsusi marağımı gərən müəllimim təmənnasız olaraq bir yay tətili dövründə mənə əlavə olaraq daha bir sinfin dərs kitabını da  oxutdu. Sonralar mənim müəllim işlədiyim dövrdə Musa müəllimlə münasibətlərimiz müəllim- şagird dostluğundan müəllim-müəllim dostluğuna kimi inkişaf etdi. Musa müəllim hazırda Gəncə şəhərində yaşayır, təqaüdçüdür...
 
Nəsib müəllimin gənc olmasına baxmayaraq, böyük hörməti var idi. Coğrafiyanı onun sayəsində “kəşf edən” onlarla şagird bu gün Gəncədə yaşayan müəllimi ilə öyünür…
 
Müəllimlərimi xatırladım, onlar haqqında çox az şey yazdım. Hamısının adını çəkmədim. Bu əzəməti onlara layiq təsvir edə bilmədim. Ancaq öz müəllimlik fəaliyyətimdə onları da yaşatmaq və onlar kimi çalışmaq əzmindəyəm...Bunu özümə borc  hesab edirəm.
 
Zaman keçir, təhsilə münasibət də dəyişir. Hazırda nəticəyönümlü təhsil strateji hədəflərimizdəndir. Lakin istənilən strategiyanı həyata keçirmək üçün yenə də müəllim şəxsiyyəti, müəllim nüfuzu, müəllim işi əsas rol oynayır. İstər yeni texnologiyalar olsun, istər  köhnə, fərqi yoxdur, bu işin memarı müəllimdir. Məhz onun vasitəsilə cəmiyyət, dövlət və ailə istədiyi nəticələri qazanır. Odur ki, müəllim adı, müəllim nüfuzu həmişə cəmiyyətdə uca tutulmalıdır. Müəllimin statusu qaldırılmalıdır, əməkhaqqısı cəmiyyətin artan səviyyəsi ilə uzlaşdırılmalıdır.
 
Onun yaxşı yaşayışı və təminatı dövlətin diqqət mərkəzində olmalıdır. Bu, onların haqqıdır.
 
Hüseyn Şahbəndəyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla