AZ

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Bulbul

Bakı, 18 aprel, Anara Axundova, AZƏRTAC

Bu yaxınlarda Rusiyanın təşəbbüskar azərbaycanlı gənclər qrupu yeni sosial şəbəkə istifadəyə verib. Bulbul layihəsi (Xarıbülbül çiçəyinin adının qısaltmasıdır – red.) bütün dünya azərbaycanlılarını birləşdirmək məqsədi ilə yaradılıb. Bundan əlavə, digər sosial şəbəkələrdən fərqli olaraq, Bulbul biznes üçün təsirli vasitə ola bilər.

Layihənin yaradıcısı və rəhbəri hazırda Moskvada yaşayan və işləyən həmvətənimiz, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunu, iqtisad elmləri namizədi, ictimai xadim, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Ceyhun Hüseynovdur.

AZƏRTAC ilə söhbətində Ceyhun Hüseynov Bulbul sosial şəbəkəsinin heç də asan olmayan yaradılma prosesindən bəhs edib.

- Ceyhun, milli sosial şəbəkə yaratmaq ideyası necə yarandı?

- Bu ideya məndə 2016-cı ildə yaranıb, o vaxt mən hələ MDBMİ-nin yataqxanasında yaşayırdım. İT dünyasında Azərbaycana aid hansı tətbiq və əlavələrin olduğu ilə maraqlanmağa başladım və App Store-da fəaliyyətimizi əlaqələndirə biləcək hər hansı əlaqələndirici tətbiqimizin olmadığının fərqinə vardım. Sonra bu məsələni büdcəyə uyğun şəkildə necə həll edə biləcəyimiz barədə düşünməyə başladım. Konstruktorda Life.az adlı tətbiq yaratdım. Bu proqramda çoxlu məlumat olsa da, ən vacib şey - ünsiyyət elementi yox idi, insanlar onun əlavəsi çərçivəsində bir-biri ilə qarşılıqlı əlaqə qura bilmirdilər. Bundan başqa, konstruktorda heç bir şeyin əlavə edilə bilməyəcəyini başa düşdüm. Gündən-günə yeni fikirlər yaranmağa başlayanda və onların həyata keçirilməli olduğunun zəruriliyini anlayanda, proqram kifayət qədər əlverişsiz görünürdü. Məndən bir neçə dəfə müsahibə almışdılar və jurnalistlərdən biri məndən soruşdu: “Nəyə görə dünya azərbaycanlılarının sosial şəbəkəsini yaratmaq istəmirsiniz?” Həmin an düşündüm: “Niyə istəmirəm? - İstəyirəm!”(Gülür.) Bunu necə edəcəyim barədə fikirləşməyə başladım. İdeyamı həyata keçirə biləcək şirkətin axtarışına çıxdım. Beləliklə, həmin vaxtdan mənim “aludəçiliyim” başladı: səkkiz il ərzində beş şirkət, beş hekayə bir-birini əvəz etdi, onlardan dördü nəticəsiz oldu – müxtəlif mərhələlərdə layihə uğursuzluğa düçar oldu, hər dəfə müəyyən çətinliklər, qarışıqlıqlar yarandı. Bütün bunların arxada qalmasından sonra indi həmin hadisələr haqqında kitab yazmaq istəyirəm, çünki bu mərhələ, öz həyatında nəsə yaratmaq istəyən hər bir insanın keçməli olduğu bir yoldur. O başa düşməlidir ki, bu, həyatdır və insan bu yolda gündən-günə daha da püxtələşir və bacarıqlara yiyələnir, bəzi səhvlərə yol verir, bəzi sınaqlardan keçməli olur. Heç kim super istedadlara malik insan kimi doğulmur, sadəcə cəhdlərin sayı çox olur, bu statistikadır. Nə qədər çox cəhd ediriksə, həmin prosesin nəticə vermə ehtimalı daha yüksək olur və buna görə də, davam etmək gərəkdir. Bu səkkiz il ərzində ilk dəfə işlərim uğurla nəticələndi.

- Həmin səkkiz il ərzində sizi ruhdan düşməyə qoymayan nə idi?

- Yəqin ki, bu, mənim inadkarlığımdır və ən başlıcası, Azərbaycan ictimaiyyətini birləşdirmək istəyimdir. Xüsusilə 2020-ci ildən sonra, Ali Baş Komandanımız, cənab Prezidentimiz, demək olar ki, təkbaşına bütün dünya ilə informasiya müharibəsi aparandan, bizim haqlı olduğumuzu əsaslandırandan, etibarlı tarixi faktlar göstərəndən sonra. Bütün xalqın mövqeyinin və fikrinin eşidilməməsi çox böyük ədalətsizlik idi. Rəşadətli Ordumuzun və Ali Baş Komandanımızın sayəsində biz yenə də tarixi ədalətə nail ola bildik. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin. 2020-ci ildə dərk etdim ki, ölsəm də, qalsam da, bu layihəni mütləq işə salmalıyam. Ona görə ki, bizə ilk növbədə, özümüzə etibarlı informasiyanı çatdıra biləcək platforma lazım idi. Çünki birdən buna zərurət yaranarsa, - ümid edirəm ki, belə bir gün gəlməyəcək! - fərqli bir qarşılıqlı əlaqə, koordinasiya səviyyəsinə sahib olacağıq ki, bütün lazımi məlumatları bir kliklə bütün dünyaya çatdıra bilək. Bu isə feysbuk qrupu, “Instagram” səhifəsi, şikayətlərlə qadağan edilə bilən və ya hakerlərin sındıra biləcəyi yutub kanalı deyil, daha yaxşı proqramdır. (Gülür.)

- Bəs 2020-ci il hadisələrindən əvvəl – bu ideya yeni yarananda qarşınıza hansı məqsədləri qoymuşdunuz?

- Biz bu tətbiqi ona görə yaratmışıq və təkmilləşdirmişik ki, Azərbaycan özünün həm daxili, həm də xaricisi siyasətində daha güclü, daha müstəqil olsun, bütün dünyada azərbaycanlılar daha sıx birləşsinlər. Təsəvvür edin: tanımadığınız bir ölkəyə gəlirsiniz və birdən hər hansı bir məsələdə köməyə ehtiyacınız yaranır. Siz xəritəni açırsınız, proqramda yaxınlıqda olan azərbaycanlı istifadəçiləri görürsünüz və onlara müraciət edirsiniz. Digər vacib səbəb isə vaxtilə Azərbaycanda doğulub boya-başa çatan və müxtəlif millətlərdən olan insanları birləşdirməkdir. Biz həmişə multikultural xalq olmuşuq və bu, bizim gücümüzdür. Böyük qürur hissidir ki, mən, adları şərti olan İvanı, Ruslanı, Məhəmmədi və Musanı qardaşlarım adlandıra bilərəm, çünki biz eyni ölkədə böyümüşük. Ancaq bunun başqa bir tərəfi də var. Biz dünyanı gəzəndə həmyerli olsaq da, bir-birimizdən ayrı düşürük. Məsələn, şərti olaraq, İvan pravoslav kilsəsinə, Musa sinaqoqa, Ruslan, məsələn, İranda dini mərkəzi olan şiə məscidinə, Məhəmməd Səudiyyə Ərəbistanında dini mərkəzə bağlı olan sünni məscidinə gedir və biz artıq bir-birimizi itiririk! Ona görə də, öz platformamızın olması çox vacibdir, biz, əslən Azərbaycandan olanlar, milliyyətimizdən və dinimizdən asılı olmayaraq birləşə bilməliyik.

- Bəs layihənizi kim dəstəklədi?

- Yenə də 2020-ci il idi, o vaxt mən hər gün efirə çıxırdım ki, gənclərimizlə söhbət edim, Azərbaycanda baş verənlər barədə danışırdım, Prezidentimizin sözlərinə və Bakının rəsmi mənbələrinə istinad edirdim. Bu efirlər zamanı mən bəzən indiyə qədər milli sosial şəbəkəni hələ də yaradıb başa çatdıra bilməməyimdən və onun bizim üçün necə zəruri olduğundan bəhs edirdim. Bir dəfə izləyicilərimdən biri, həmyerlimiz olan vətənpərvər bir şəxs mənə fikrimi dəstəkləmək və layihəyə sərmayə yatırmaq istədiyini bildirdi; ilk dəfə kimsə fikrimə mənim özüm kimi inanırdı. O dedi: “Bu pulu götür, bildiyin kimi sərf et, dediyin sosial şəbəkəni yarat, o platforma bizə, azərbaycanlılara lazımdır”. Onun adını deyə bilməyəcəyəm, çünki adını çəkməməyimi xahiş etdi. Bu faktın özü məni məsuliyyətli bir insan kimi məqsədimi sona çatdırmağa vadar etdi və elə həmin gündən etibarən daha çox çalışmağa başladım, həmin pula öz şəxsi vəsaitimi də əlavə etdim və layihə üzərində işə başlayacaq şirkətlə əməkdaşlığa başladım. Ancaq bir müddət sonra həmin şirkət fəaliyyətini dayandırdı, vəsaitin bir hissəsini mənə geri qaytardılar.

Bu, artıq dördüncü uğursuzluq idi, mən demək olar ki, ümidimi itirmişdim. Dedim ki, təkcə bu fikrə inanan insanın naminə mən dayana bilmərəm və sona qədər getməliyəm. Mən başqa şirkətlərə zəng etməyə başladım, sadəcə bir birinin ardınca, təsadüfi seçimlə. Tapdım, razılaşdım və nəhayət, onlar hər şeyi etdilər. Bu, məsələnin texniki tərəfi idi. İndi ən vacib məsələ odur ki, sadə insanlar, gördüyüm işlərə görə mənə hər zaman təşəkkür edən həmvətənlərimiz tərəfindən dəstəkləndim və bu, məni çox sevindirir. Bunun üçün onlara təşəkkür etmək istəyirəm. Bu, mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Demək olar ki, 20 gün ərzində layihəmiz ətrafında formalaşan komandaya təşəkkür etmək istəyirəm. Bunlar, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi, Moskva Polad və Ərintilər İnstitutu, Sechenov Universiteti və Rusiyanın digər qabaqcıl universitetlərinin tələbələridir. Onlar bu ideya ətrafında toplaşan azərbaycanlılardır, bizim gənclərimizdir. Bu uşaqlar ilə işləmək mənim üçün inanılmaz bir zövqdür, çünki onlar çox savadlı, dərrakəlidir, məlumatları tez qavrayırlar, trendləri hiss edirlər. Onlar həm də müsahibə götürə, montajlaya, süjetləri səsləndirə, bir yazı yaza və onu bir neçə dilə tərcümə edə və hər hansı bir mövqe bildirə bilərlər. Onlarla məsləhətləşmək olar. İndi onlar bütün dünya azərbaycanlılarını birləşdirməyə kömək edəcək bu körpü tikirlər.

- Çox gözəl, Ceyhun, layihəyə start verildi. Növbəti addımlar hansılardır? Sponsor dəstəyini cəlb etməyi planlaşdırırsınız?

- Layihəmiz kifayət qədər gəncdir, lakin buna baxmayaraq, o, artıq böyük marağa səbəb olub. Düşünürəm ki, bunun bir neçə səbəbi var. Birincisi, layihənin aktuallığıdır və mən buna görə çox şadam: bizim həqiqətən də milli ünsiyyət platformasına ehtiyacımız var idi. İkincisi, məhsulumuzun unikallığıdır, Bulbulun öz auditoriyası qarşısında açdığı imkanları anlayan istifadəçi gənc ailəmizin fəal üzvünə çevrilir. Növbəti planlarımız layihəni həm Android, həm də fərdi kompüterdə inkişaf etdirməkdir. Bəli, biz maliyyə axtarışındayıq, lakin onu çox diqqətlə axtarırıq ki, sabah məhsulumuza görə utanmayaq. Biz kimi gəldi sərmayə qoyulmasına yaxın buraxmaq istəmirik. Çünki bu, milli sosial şəbəkədir və mənim üçün təhlükəsizliyin, Azərbaycana loyallığın mövcud olması çox vacibdir. Axı mən bu gün layihənin bir hissəsini kiməsə satsam, sabah bu adam səsvermə hüququna malik olacaq və mən onun da Azərbaycana loyallıq məsələlərində mənim kimi davranacağına zəmanət verə bilmərəm.

- Kraudfandinq ehtimalını nəzərdən keçirmirsiniz (layihələrin kollektiv maliyyələşdirilməsi metodu – müəllif)?

- Nəzərdən keçiririk. Azərbaycanlıların sayı 10 milyondur, əgər hər kəs şərti olaraq ən azı 5 qəpik sərmayə qoyarsa, bu, bizim üçün kifayət edər ki, həm Android, həm də “Web”də platforma quraq ki, orada hamı qeydiyyatdan keçə bilsin. Ən çətini ideya yaratmaq, bənzərsiz bir vasitə işləyib hazırlamaq, aktuallığı müəyyənləşdirmək, fəaliyyət planı qurmaq və buna uyğun olaraq layihənin özünün texniki işlənməsi idi və bu məsələlər artıq geridə qalıb. İndi növbəti bir neçə il üçün hazır fəaliyyət planımız var, lakin bütün bunlar məsələnin texniki tərəfidir. Bizim üçün isə ən başlıcası – insanlar, həmvətənlərimiz, azərbaycanlılardır, çünki məhz onlar şəbəkəmizi milli edir. Prosesin ən çətin hissəsi artıq geridə qaldığı üçün, bütün dünyada xalqımızı gənc, lakin sürətlə artan Bulbul ailəmizin bir hissəsi olmağa dəvət edirik. Mən “Instagram” və ya feysbuk kimi artıq alışdığımız sosial şəbəkələrdən imtina etməyi təklif etmirəm, ancaq gənclərimizin yaratdığı milli layihəni dəstəkləməyə çağırıram.

- Nəhənglər haqqında söz açarkən… Bulbulun digər sosial şəbəkələrdə olmayan xüsusiyyətləri və "fişkaları" hansılardır?

- Bizim fərqli xüsusiyyətimiz odur ki, biz multiplatforma yarada bildik və orada sadəcə ünsiyyət, məlumat ötürülməsi həyata keçirilmir. Bu, həm müəssisələr arasında, həm də birbaşa alıcı ilə biznes fəaliyyəti üçün imkanları olan bir sosial şəbəkədir. Bu, kiçik və orta sahibkarlığın, özünüməşğulluğun dəstəklənməsidir. Platformamızda, məsələn, bəzi məhsullar sifariş etmək, restoranda masa sifariş etmək, həkimə yazılmaq olar. Bütün bunlar platformadan çıxmadan edilir, yəni istinadla hər hansı bir qurumun və ya təşkilatın veb saytına keçid etmək lazım deyil. Əslində bu, hər şeyin olduğu “bir pəncərə” sistemidir. Planlarımızda öz İT ekosistemimizi, kuryer xidmətimizi, taksi xidmətimizi və s. yaratmaq var. Bundan əlavə, insanlara kömək etmək üçün yoxlanılmış məlumatların yer aldığı xeyriyyə bölməmiz olacaq.

- Siz, həmçinin gələcəkdə Bulbulda təkcə azərbaycanlıların deyil, həm də Azərbaycanla maraqlanan hər kəsin qeydiyyatdan keçməsini planlaşdırırsınız …

- Bəli. Biz Azərbaycandan başlayırıq, sonra diaspora keçirik, diaspordan isə bizə dost olan xalqlara keçməyi planlaşdırırıq: bu, Orta Asiya, türk dünyasıdır. Təkrar edirəm, heç kim dünya mediasından, dünya sosial şəbəkələrindən imtina etməli olduğunuzu söyləmir, lakin öz platformasına sahib olmaq həmişə böyük bir üstünlükdür. Təsəvvür edin ki, biz qarşıya qoyduğumuz bütün məqsədlərə nail olduq, Bulbulu elə bir səviyyəyə qaldıra bildik ki, hər bir sadə iş adamı proqramı endirir və ondan istifadə edir. Millətimizin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq istəyən başqa bir millətin istehsalçısı, öz növbəsində, milli sosial şəbəkəmizə daxil olur və orada onu maraqlandıran məsələləri axtarır. Avtomatik olaraq, bu şəxs artıq cəmiyyətimizə inteqrasiya edir, iş naminə sosial şəbəkəmizdə olur. O, xəbər lentini görür, yayımladığımız yazıları oxuyur. Azərbaycana gələn turist gələcəkdə sosial şəbəkəmizi yükləyir. Ona maraqlı və faydalı ola biləcək hər şeyi görür. O, Azərbaycan haqqında tam etibarlı məlumatlar əldə edir, taksi çağıra, hansısa regiona səfər edə, hətta bunda maraqlıdırsa, daşınmaz əmlak əldə edə bilər. Beləliklə, istirahət etmək üçün bir dəfə gələn insan öz telefonunda Azərbaycanı kəşf edir. Ölkəmizdə nəsə - misal üçün hər hansı yemək xoşuna gəlibsə, öz şəhərinə qayıdaraq orada Azərbaycan restoranı tapa bilər.

Çox şeyi inkişaf etdirmək olar. Lakin Bulbulun qarşıda qoyulan məqsədlərə nail olması üçün xalqımızın dəstəyinə ehtiyacı var. İnsanlar tətbiqimizi endirsinlər, ondan istifadə etsinlər və paylaşsınlar. Bundan sonra artım və inkişaf olacaq!

Bulbul tətbiqini linkdən endirmək olar: https://apps.apple.com/az/app/bulbul-social-network/id6443620589

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla