AZ

Türkiyəyə müjdə ABŞ-dən verildi – “Növbəti seçkilərə qədər...”

Türkiyənin maliyyə naziri Mehmet Şimşək və Mərkəzi Bankın sədri Fatih Karahan ABŞ-də səfərdədir.

Teleqraf.com xəbər verir ki, Şimşək Beynəlxalq Valyuta Fondu və Dünya Bankının toplantılarına qatılmaq üçün getdiyi Vaşinqtonda Beynəlxalq Maliyyə İnstitutunun qlobal forumunda çıxış edib.

Türkiyənin siyasət prioritetlərini açıqlayan nazir “Ortamüddətli Plan”ın güclü və etibarlı çərçivəyə malik olduğunu bildirib:

“Proqram qiymət sabitliyi və dövlət maliyyə intizamını bərpa etmək, həmçinin cari hesab kəsirinin azaldılması kimi bəzi digər makroiqtisadi problemləri həll etmək məqsədi daşıyır. Yekun məqsəd davamlı yüksək artım tempinə və hamı üçün firavanlığa nail olmaqdır”.

Şimşək proqramın əsas məqsədlərinin qiymət sabitliyinin təmin edilməsi, rəqabət qabiliyyəti və məhsuldarlığın artırılması, struktur islahatları olduğunu açıqlayıb.

Ötən il Türkiyədə baş verən zəlzələlərin büdcədə böyük kəsir yaratdığını xatırladan maliyyə naziri kəsiri azaltmaq üçün mühüm tədbirlər gördüklərini bildirib.

Şimşək aylıq inflyasiyanın yavaşladığı və bu ilin ikinci yarısından etibarən illik inflyasiyanın azalmağa başlayacağını söyləyib:

“Əsas məqsədimiz inflyasiyanın aşağı salınmasıdır. Artıq aydan-aya bunun əlamətlərini görürük, ilin ikinci yarısında ilbəil bu tendensiyanı görəcəyik. Məqsədimiz 2026-cı ilə qədər inflyasiyanın birrəqəmli olması və o vaxta qədər kifayət qədər əhatəli struktur islahatları həyata keçirməkdir”.

2028-ci ilin iyun ayına qədər Türkiyədə seçki olmayacağına diqqət çəkən Mehmet Şimşək bunun proqramın nəticələrini almaq üçün siyasi sabitlik baxımından çox vaxt qazandıracağını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla