AZ

Paşinyan erməniləri dilə tutur: azərbaycanlıların 50 metr aralıda olmasına öyrəşməlisiniz!

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün ölkənin şərq bölgəsində yerləşən Tavuş rayonunda ermənilər yaşayan Voskepar, Kirants, Berkaber kəndlərinin sakinlərilə görüşüb və onlara Azərbaycanla sülh danışıqları, o cümlədən delimitasiya və demarkasiya prosesindəki mövcud vəziyyəti təqdim edib.

Modern.az-ın məlumatına görə, Ermənistan mətbuatı Paşinyanın Qazax rayonu ilə sərhəddə keçirdiyi görüşlərə xüsusi diqqət göstərir, təfərrüatlar barədə müxtəlif yazılar dərc edir.

Bu yazılarda bildirilir ki, Ermənistan hakimiyyətinin məqsədi Qazaxla həmsərhəd erməni kəndlərinin sakinlərini bölgədəki 4 kəndin (Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Bağanıs Ayrım) Azərbaycana təhvil verilməsinə hazırlamaqdır. Çünki Voskepar, Kirants, Berkaber kimi sərhəd kənlərinin erməni sakinləri yaxınlıqdakı 4 yaşayış məntəqəsinin Azərbaycana verilə biləcəyindən ciddi narahatdırlar.

“Məqsədimiz, ideyamız ondan ibarətdir ki, siz “Azərbaycan 50 metr aralıdadır” sözlərini həyəcanla deməyəsiniz, “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, biz orada ticarət edəcəyik” söyləyəsiniz”, - Paşinyan sakinlərə bildirib.

Eyni zamanda yerli sakinlərin təhlükəsizlik təminatı ilə bağlı sualını cavablandıran Paşinyan buna 100 faiz zəmanət verməsə də, “addım-addım 90 və daha çox faizə çatacağıq” deyib.

Paşinyan bildirib ki, bu addımları atmasalar, bölgədə yeni partlayış olacaq.

“Qarşımızda duran vəzifə son 30 ildə qanunsuzluq mühitində yaşadığımız üçün bölgədə qanunun aliliyini təmin etməkdir. Biz deyirik ki, həm bizim, həm də onların (Azərbaycan - red.) tərəfində qanunsuzluq dövrünə son qoyulmalıdır. Hüquq, qanun, xətt var və biz bu xətt üzərində dayanmalıyıq”, - Paşinyan vurğulayıb.


O bildirib ki, Azərbaycanla müəyyən razılaşmalar var. Baş nazirin sözlərinə görə, danışıqları elə aparmağa çalışıblar ki, Azərbaycan tərəfi Əskipara çayını keçməsin, ərazi mübadilələri həyata keçirilsin:

“Yəni bizim qaldırdığımız bəzi məsələlərə etiraz etməyəcəklər”,- deyən Paşinyan Azərbaycanla bir sıra məsələlərdə razılaşmalar əldə edildiyini söyləyib.

Baş nazir xatırladıb ki, Türkiyə ilə sərhəddəki Armavir rayonunun Marqara kəndində erməni evlərindən 50 metr aralıda türk əsgərləri dayanır.

“Məqsədimiz eyni vəziyyəti Tavuşda da yaratmaqdır”, - Paşinyan söyləyib.

“Bizim istəyimiz və gözləntimiz bu vəziyyətdə birləşmək, hər şeyi anlayaraq addım-addım irəliləməkdir. Bədbinliyiniz əsassızdır deyə bilmərəm, bugünkü vəziyyət heç də nikbinliyə əsas vermir. Amma biz nikbinlik yaratmaq üçün mütləq irəli getməliyik”, - baş nazir əlavə edib.


Xatırladaq ki, Ermənistan hakimiyyəti Azərbaycanla delimitasiyaya sərhədin Tavuş ərazisindən başlamağa razı olduqlarını bəyan edib. Rəsmi İrəvan eyni zamanda, bir sıra ərazilərin Azərbaycana təhvil veriləcəyini istisna etməyib. Bildirilib ki, təhvil veriləcək kəndlər işğal altındakı Azərbaycan yaşayış məntəqələridir.

Ə.Qafarlı

Seçilən
41
50
Mənbələr
Şərh ()
Bağla