AZ

Yusif üçün hər matç final olacaq: “Son saniyələrdə qələbəni əldən vermək üzücüdür”

“Səbail”in müdafiəçisi Yusif Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– Son turda “Kəpəz”lə keçirdiyiniz oyunun (3:3) bu qədər dramatik alınacağını gözləyirdiniz?

– İlk hissəni 0:2 hesabı ilə məğlub bitirməyimizə baxmayaraq, fasilədən sonra geridönüş etməyi bacardıq. Təəssüf ki, son dəqiqə qolu ilə qələbəni əldən verdik. Hər şeyin itirildiyini düşünmürəm. Hələ qarşıda 6 oyunumuz var. Bütün matçlar bizim üçün finala bərabərdir.

– Fasilədə baş məşqçi Şahin Diniyev sizə hansı tapşırıqları verdi ki, ikinci hissədə geridönüş edə bildiniz?

– Səbəbini bilmirəm, amma ikinci hissələri daha yaxşı keçiririk, fasilədən sonra daha inamlı təsir bağışlayırıq. İlk yarıda hesabda geriyə düşməyimizə baxmayaraq, yenə oyunu çevirəcəyimizə inanırdıq. Bunu da etdik.

– Planları korlayan “Kəpəz”in son saniyələrdə bərabərlik qolunu vurması oldu. Elə deyilmi?

– Bəli, elədir. Yeganə məyusedici məqam son dəqiqədə qol buraxmağımız oldu. Son saniyələrdə qələbəni əldən vermək üzücüdür. Buna görə hər birimiz təəssüfləndik.

– Bazar günü baş tutacaq növbəti oyunda rəqib “Araz-Naxçıvan” olacaq. Rəqib son vaxtlar yaxşı günlərini yaşamır. Bu görüşdə qələbə qazana biləcəksiniz?

– Həqiqətən, çempionatın elə dönəmidir ki, hər oyun finala bərabərdir. Özümüzə inanırıq. İnşallah ki, növbəti oyunlarda bu xal itkilərini kompensasiya edərik. Bizi həftəsonu çətin oyun gözləyir. “Araz- Naxçıvan” da çox yaxşı komandadır, yeni baş məşqçiləri var. Hər iki tərəf üçün çətin qarşılaşma olacaq.

– Avrokuboklara vəsiqə qazanmaq şansınızı necə qiymətləndirirsiniz və “Səbail” avrokuboklardan kənarda qalsa, bunu faciə kimi, yoxsa normal qəbul edəcəksiniz?

– Biz hər oyuna qələbə üçün çıxırıq. Əsas məqsədimiz son 6 turu uğurlu nəticə ilə başa vurub mövsümü üst pillələrdə bitirməkdir. Bunu bacarsaq, avrokuboklara vəsiqə qazana bilərik. Yaxşı komandamız var, bunun öhdəsindən gələcəyimizə inanırıq. Mən də öz növbəmdə əlimdən gələn hər şeyi edirəm ki, komanda üçün faydalı olum.

AĞA

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla