AZ

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

Elm

Bakı, 18 aprel, Aysel Azad, AZƏRTAC

“İnanıram ki, regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yeni yaradılıb. Hər iki agentlik Elm və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi təhsil siyasətini həyata keçirir.

“Son illərdə həm regional təhsil idarələrinin yaradılması, həm onlara nəzarət edilməsi, eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi kimi həcmli işlərin öhdəsindən həmkarlarımız uğurla gəlirlər. İstər məktəbəqədər təhsil, istər işə qəbul proseslərinin şəffaflaşdırılması, birinci sinfə qəbulun elektronlaşdırılması buna bir nümunədir. İnanıram ki, regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb”, - deyə nazir Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi haqqında bildirib.

Emin Əmrullayev həmçinin qeyd edib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yeni yaradıldığı üçün onun fəaliyyətini qiymətləndirmək tezdir: “Bunun üçün daha çox vaxt lazımdır. İlk reytinqləri iyun ayında görəcəyik. Lakin bu da tam şəkildə agentliklə bağlı olmayacaq, bütün akademik ilin nəticəsidir. Təhsildə nəyisə qiymətləndirmək üçün zaman lazımdır”.

 

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla