AZ

Yeni dərslik: “Səhiyyədə insan resurslarının idarə olunması” 

ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşları - professor Musa Ələkbərov və t.ü.f.d, assistent Arzu Mehdiyevanın birgə müəllifliyi ilə ərsəyə gələn “Səhiyyədə insan resurslarının idarə olunması” dərsliyi “Təbib” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, kitaba Ə.Əliyev adına ADHTİ-nin Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasının professoru, tibb elmləri doktoru ə.e.x. Fazil Ağayev və ATU-nun Epidemiologiya və biostatistika kafedrasının professoru Məhərrəm Niftullayev rəy veriblər.

 

Doqquz fəsildən ibarət olan dərslik insan resurslarının idarə olunmasının nəzəri və praktik sahələrini əhatə edir. Kitabda insan resurslarının idarə olunmasının mahiyyəti, təkamülü, potensialı, planlaşdırılması, inkişafı, qiymətləndirilməsi, tənzimlənməsi, işçilərin motivasiyası, idarəetmə əməyinin xüsusiyyətləri, liderlik və idarəetmə üslublarının təhlili, seçilməsi metodologiyası əhatəli və eyni zamanda konkret şəkildə şərh edilir. Aydın və oxunaqlı ədəbi dildə yazılan dərslikdə məlumatların daha yaxşı qavranılması məqsədilə zəruri hallarda qrafik təsvirlərdən, şəkillərdən və cədvəllərdən istifadə olunub.

 

Dövlət standartına uyğun olaraq hazırlanan dərslik ali təhsil müəssisələrinin magistratura səviyyəsində menecment ixtisası (səhiyyə sahəsi) üzrə təhsil alan magistrantlar üçün nəzərdə tutulub. Kitabdan, həmçinin bakalavriat (baza ali tibb təhsili) və rezidentura səviyyəsində təhsil alan tələbələr, səhiyyə və onun təşkili üzrə elmi-tədqiqat işi aparan doktorantlar, dissertantlar, idarəetmə sahəsində fəaliyyət göstərən mütəxəssislər, diplomdansonrakı təhsil müəssisələrində ictimai sağlamlıq və səhiyyənin təşkili üzrə təkmilləşdirmə və ixtisasartırma proqramlarının dinləyiciləri, səhiyyə təşkilatçıları və insan resurslarının idarə olunması ilə maraqlanan digər şəxslər istifadə edə bilər.

 

Məlumat üçün qeyd edək ki, adıçəkilən dərslik ATU-nun Böyük Elmi Şurasının qərarı əsasında çap edilib. Universitetin tədris proqramına uyğun nəşr olunan  bu elmi-praktik monoqrafiya səhiyyə sahəsində menecerlərin hazırlanması üçün vacib olan və bu məqsədlə tərtib edilən mükəmməl bir kitabdır.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla