AZ

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Bakı, 18 aprel, AZƏRTAC

Ölkə ərazisinə idxal olunan yüksək riskli ərzaq məhsulları ilə bağlı nəzarət tədbirləri həyata keçirilməkdədir. Bu siyahıya ət, süd, balıq məhsulları və sair daxildir. Qida Təhlükəsizliyinin Agentliyinin (AQTA) auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar. Auditorların rəyindən sonra həmin yüksək riskli məhsullar dövlət qeydiyyatına alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisdə təşkil edilən “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycana idxal olunan yüksək riskli məhsullar istehsal olunduğu ölkədə bizim auditorlar tərəfindən yoxlanılır. Bununla bağlı 246 videoinspeksiya, 103 müəssisədə isə yerində qiymətləndirmə keçirilib.

Agentlik rəhbəri vurğulayıb ki, yoxlamalar əsasən Almaniya, Latviya, Polşa, Türkiyə, Rusiya, Hindistan kimi ölkələrdə həyata keçirilir. Qiymətləndirmə nəticələrinə əsasən 6 müəssisədə gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün həmin müəssisələrin təsdiqindən Agentliyin müvafiq qərarı ilə imtina edilib.

 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla