AZ

Azərbaycanın su təhlükəsizliyi möhkəmləndirilir

Uğurlu inkişaf modelinə malik olan müstəqil Azərbaycan dövləti özünün məqsədyönlü davamlı siyasətini yaranan yeni çağırışlara və ölkənin strateji məqsədlərinə uyğun qurur. Bu günlərdə Prezident  İlham Əliyev respublikamızın su təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsini hədəfləyən iki mühüm sənəd imzalayıb. Bunlar Qarabağ  və Şirvan suvarma kanallarının yenidən qurulması  haqqında sərəncamlardır. Aprelin 16-da isə dövlətimizin başçısı Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan su təhlükəsizliyinin möhkəmləndirilməsini özünün milli təhlükəsizliyinin mühüm bir istiqaməti kimi müəyyənləşdirib və buna nail olmaqdan ötrü konkret addımlar atır. 

Dünyanın kədərli mənzərəsi

Yeni minillikdə etibarlı su təchizatının hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Elə son dövrlərdə Yaxın Şərqdə, MDB məkanında və digər regionlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Belə ki, getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa ölkələrə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir. 

Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Yayılan məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun hazırladığı hesabatlardan birində göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.

Bir sözlə, su çatışmazlığının acı fəsadları hazırda beynəlxalq miqyasda özünü göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni, hər 17 saniyəyə bir uşaq ölümü düşür. Ümumiyyətlə, ayrı-ayrı ölkələrdə 80 faiz xəstəliklər içməli suyun keyfiyyətilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə, 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur. Bütün bu kimi faktlara su çatışmazlığının müxtəlif regionlarda yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar.

Su təhlükəsizliyinin ölkəmiz  üçün strateji önəmi

Respublikamız da məhdud su ehtiyatlarına malik olan ölkələr sırasında yer alır. Ölkə ərazisində su ehtiyatları məhdud olmaqla qeyri-bərabər paylanıb. Hazırda respublikamızın yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanı qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident  İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. 

Müstəqil Azərbaycan son 20 ildə geniş iqtisadi və maliyyə imkanlarından bəhrələnməklə reallaşdırdığı irihəcmli layihələr hesabına özünün su təhlükəsizliyini böyük dərəcədə həll etməyə nail olub. Bəhs olunan dövrdə respublikamızda 4 iri su anbarının yaradılması Azərbaycan dövlətinin gücünü təsdiqləyir.

Cəlilabadda 2010-cu il 29 aprel tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Göytəpə su anbarı müstəqillik illərində respublikamızda yaradılan ilk hidrotexniki qurğulardandır. 2005-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən bu su anbarının tikintisinin davam etdirilməsinə başlanıb və dövlətimizin başçısının tapşırığına uyğun olaraq layihə daha da təkmilləşdirilib. Göytəpə su anbarında bəndin hündürlüyü 17,5 metrdir. Bəndin üstdən uzunluğu 550 metr, su anbarının ümumi həcmi 3,7 milyon kubmetrdir. Anbarın istifadəyə verilməsi Cəlilabadda kənd təsərrüfatının inkişafını sürətləndirib, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradıb.

2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələrinin texniki parametrləri kifayət qədər genişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər reallaşdırılıb. Bu layihələrin unikallığı həm də ondadır ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.

2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı layihəsinin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən, orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə etmək imkanı yaranıb. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Layihə çərçivəsində Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. 

Son illərdə Azərbaycanda su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən infrastruktur layihələrindən biri də 2016-cı ilin fevralında Prezident  İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Tovuzçay su anbarıdır. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb.

Bütövlükdə, son 20 ildə ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə reallaşdırılan layihələrin statistikası çox zəngindir. Bəhs olunan dövrdə ölkə ərazisində iri su anbaları ilə yanaşı, ayrı-ayrı ünvanlarda suvarma kanalları çəkilib, kollektor-drenaj şəbəkələrinin tikintisi həyata keçirilib, regionlarda çoxlu sayda subartezian quyuları istifadəyə verilib. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yaradılması və digər belə unikal layihələr ölkə üzrə həm suvarılan əkin sahələrinin genişləndirilməsinə, həm də əhalinin keyfiyyətli su təminatına öz müsbət təsirini göstərib. Eyni zamanda, Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə zəruri layihələr həyata keçirilir. Bəhs olunan ərazilər Azərbaycanın su ehtiyatları ilə zəngin olan regionudur. Qazanılan şanlı Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb.

Yenidən qurulacaq Şirvan  və Qarabağ su kanalları

Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yenidən qurulacaq Şirvan və Qarabağ su kanalları ölkəmizin su təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayacaq. Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olub. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb. Dövlət başçısının imzaladığı Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının yenidən qurulması və Şirvan suvarma kanalı adlandırılması qərara alınıb. Sərəncamda vurğulanır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yevlax Şəhər İcra Hakimiyyəti, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Hacıqabul rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Şirvan suvarma kanalının yenidən qurulmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.

Son dövr qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə su təminatının mühüm həlqələrindən olan Yuxarı Qarabağ suvarma kanalında yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən kanalın yenidən qurulması tələb olunur.  Sərəncamla Yuxarı Qarabağ suvarma kanalının yenidən qurulması və onun Qarabağ suvarma kanalı adlandırılması qərara alınıb. Sənəddə yenidən qurma işlərinin aparılması üçün ayrı-ayrı qurumlara  koordinasiyalı fəaliyyət həyata keçirmək və zəruri tədbirlər görmək tapşırılıb.

Mübariz FEYİZLİ

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla