"Qarabağ" üç tur öncə çempionluğunu rəsmiləşdirib. Autsayder "Qəbələ"nin də sonuncu olacağı demək olar, dəqiqləşib. 9-cu pillədəki "Kəpəz"dən 15 xal geri qalan "qırmızı-qaralar"ın gəncəlilərə çatması mümkünsüz görünür...
Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv son 10 oyunda qələbə qazana bilməyib. "Qəbələ" ümumiyyətlə sonuncu dəfə çempionatda 2023-cü ilin dekabrında qələbə qazanıb - "Qəbələ" - "Sabah" 1:0.
"Qəbələ"dən başqa daha iki komandanın qələbəsizlik seriyası davam edir. Bunlar "Səbail" və "Araz-Naxçıvan"dır.
Bayıl təmsilçisi sonuncu dəfə martda üç xal qazanıb. Şahin Diniyevin yetirmələri "Səbail"i üç cavabsız qolla məğlub edib. Ondan sonra komanda 5 oyunda 2 heç-heçə edib, 3 dəfə uduzub.
"Araz-Naxçıvan" isə 8 oyundur, qələbəyə həsrət qalıb. Muxtar Respublika təmsilçisi sonuncu üç xalını fevralın 13-də "Neftçi" ilə görüşdə qazanıb (1:0). Uğursuz nəticələrdən sonra baş məşqçi Azər Bağırovla yollar ayrıldı və bu posta Elmar Baxşıyev gətirildi. Mütəxəssis yeni komandasında debüt oyununda meydanı xalsız tərk edib - "Neftçi" - "Araz-Naxçıvan" - 3:0.
APL-də növbəti - XXXI turda "Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək. Qələbəsizlik seriyasını qırmaq arzusunda olan komandaların duelində kimin güclü olacağı aprelin 21-də bəlli olacaq. Autsayder "Qəbələ" isə seriyanın qırılması üçün azı bir tur yenə gözləməli olacaq. Sxadadzenin komandasının növbəti rəqibi "Qarabağ" olacaq və onların səfərdə çempiona qalib gəlməsi mümkünsüz görünür...