AZ

Premyer Liqada qələbəyə həsrət qalanlar var

Azərbaycan Premyer Liqasında 30 tur geridə qalıb.

"Qarabağ" üç tur öncə çempionluğunu rəsmiləşdirib. Autsayder "Qəbələ"nin də sonuncu olacağı demək olar, dəqiqləşib. 9-cu pillədəki "Kəpəz"dən 15 xal geri qalan "qırmızı-qaralar"ın gəncəlilərə çatması mümkünsüz görünür...

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv son 10 oyunda qələbə qazana bilməyib. "Qəbələ" ümumiyyətlə sonuncu dəfə çempionatda 2023-cü ilin dekabrında qələbə qazanıb - "Qəbələ"  - "Sabah" 1:0.

"Qəbələ"dən başqa daha iki komandanın qələbəsizlik seriyası davam edir. Bunlar "Səbail" və "Araz-Naxçıvan"dır.

Bayıl təmsilçisi sonuncu dəfə martda üç xal qazanıb. Şahin Diniyevin yetirmələri "Səbail"i üç cavabsız qolla məğlub edib. Ondan sonra komanda 5 oyunda 2 heç-heçə edib, 3 dəfə uduzub.

"Araz-Naxçıvan" isə 8 oyundur, qələbəyə həsrət qalıb. Muxtar Respublika təmsilçisi sonuncu üç xalını fevralın 13-də "Neftçi" ilə görüşdə qazanıb (1:0). Uğursuz nəticələrdən sonra baş məşqçi Azər Bağırovla yollar ayrıldı və bu posta Elmar Baxşıyev gətirildi. Mütəxəssis yeni komandasında debüt oyununda meydanı xalsız tərk edib - "Neftçi" - "Araz-Naxçıvan" - 3:0.

APL-də növbəti - XXXI turda "Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək. Qələbəsizlik seriyasını qırmaq arzusunda olan komandaların duelində kimin güclü olacağı aprelin 21-də bəlli olacaq. Autsayder "Qəbələ" isə seriyanın qırılması üçün azı bir tur yenə gözləməli olacaq. Sxadadzenin komandasının növbəti rəqibi "Qarabağ" olacaq və onların səfərdə çempiona qalib gəlməsi mümkünsüz görünür...

Şahin Cəfərov
Seçilən
111
Mənbələr
Şərh ()
Bağla