AZ

“Real” MS-ni Çempionlar Liqasında yarımfinala buraxmadı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki cavab qarşılaşması baş tutub.

Çempionlar Liqasının sonuncu qalibi olan “Mançester Siti” bu turnirin ən titullu komandası “Real”ı qəbul edib. İngiltərə və İspaniya təmsilçiləri arasında Madriddə keçirilmiş ilk oyunda məhsuldar heç-heçə qeydə alınmışdı – 3:3. Cavab görüşündə qalib gələn tərəf yarımfinala yüksələcəkdi. Amma bu dəfə də tərəflər qalibi müəyyənləşdirməkdə çətinlik çəkiblər. Oyunda hesabı erkən qola sevinən qonaqlar açıblar. Meydan sahibləri buraxılan qolun əvəzini ikinci hissədə çıxıblar. Əsas vaxtı 1:1 hesabıyla bitən matçın əlavə vaxtında da üstünlük qazanan olmayıb. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Real” yarımfinala yüksələn tərəf olub. ÇL-in son qalibi isə mübarizəni dayandırıb.

Günün digər oyunu Almaniya nəhəngi “Bayern”lə İngiltərə təmsilçisi “Arsenal” arasında baş tutub. Bu komandaların da ilk oyununda məhsuldar heç-heçə qeydə alınmışdı. Londondan sərfəli nəticə ilə qayıtmış Münhen təmsilçisi doğma meydanda istəyinə çatmağa daha yaxın görünürdü. Belə də olub. İkinci hissədə vurduğu yeganə qol Almaniya nəhəngini növbəti mərhələyə daşıyıb.

Xatırladaq ki, bir gün öncə Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) komandaları da UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanmışdılar. Beləliklə, yarımfinalda “Bayern” “Real”la, PSJ isə “Borussiya” ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

17 aprel

“Bayern” (Almaniya) – “Arsenal” (İngiltərə) 1:0
Qol: Kimmix, 63.
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen. “Alyans Arena”.
İlk oyun – 2:2.

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 1:1 (penaltilər 3:4)
Qollar: De Bröyne, 76 – Rodriqo, 12.
Baş hakim: Daniel Orsato (İtaliya).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 3:3.

Seçilən
157
24
Mənbələr
Şərh ()
Bağla