AZ

Brüssel görüşünün görünməyən tərəfləri

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərkən bildirmişdi ki, guya aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurmağının heç bir əsası yoxdur. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırmışdı. Amma Prezident İlham Əliyev qeyd etmişdi ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasını, qeyri-inklüziv xarakter daşımasını və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmamasını Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını da bildirmişdi. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə də telefon danışığı zamanı Prezident İlham Əliyev bu mətləbləri bir daha bəyan etmişdi.

5 aprel görüşündən sonra mətbuat qarşısına çıxış edən ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell, Ermənistanın baş naziri Nikol Paşinyan bildirdilər ki, guya bu tədbir çərçivəsində yalnız və yalnız təcavüzkar ölkənin iqtisadi və mədəni inkişafı naminə 65 milyon dollar və 270 milyon avro qrant ayırmaq məsələsi müzakirə olunub. Yəni, Ermənistana təhlükəsizlik təminatı, eləcə də hərbi yardımla, o cümlədən hərbi pakt barədə heç nə danışılmayıb. Halbuki, caliber.az saytı 5 aprel görüşündən 2 gün əvvəl, yəni aprel ayının 3-də xəbər vermişdi ki, ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransında gizli qapılar arxasında Ermənistanla hərbi pakt imzalanacaq. Sayt gizli danışıqlarla bağlı əldə etdiyi sənədin analizinə əsasən yazır ki, görüşdə bir sıra gizli razılaşmalar əldə edilib. Belə ki, həmin görüşdə ABŞ-ın və Avropanın Ukrayna və Gürcüstana belə vermədiyi silahları Ermənistana verəcəyi gündəmdə olub. Üstəlik, ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi göstərəcək. ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramı vasitəsilə Ermənistanın müdafiə qabiliyyətini də gücləndirəcək. Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə vəsaiti də ayıracaq.

Göründüyu kimi, Qərb öz silah bazarını Ermənistanın üzünə açır və bu silahların Ermənistan tərəfindən alınmasını özü maliyyələşdirir. Şübhəsiz, bu addımlar yalnız  Ermənistanın  cari müdafiə strategiyalarının nəzərdən keçirilməsi deyil, həm də təcazüzkar ölkənin milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən nəzərdən keçirilməsi deməkdir. Bir daha xatırladaq ki, hərbi doktrinada bu cür dəyişikliklər ABŞ-ın aktiv maliyyə və texniki dəstəyi ilə müşayiət olunacaq ki, bu da Qərbin Cənubi Qafqazda sabitliyə təsir edən proseslərdə fəal iştirak etmək istəyini təsdiqləyir. Bu addımlar həm də regionda Rusiyanin təsirini azaltmağa, Aİ-nin “mülki” missiyasının ömrünü uzatmağa, ona NATO funksiyası verməyə və ya  bazası  statusuna keçirməyə hesablanıb. Bütün bunların həm də şərti sərhəddə hayların təxribatlarının gücləndirilməsinə rəvac verəcəyi də şəksizdir.

Xülasə,  Qərbin və ABŞ-ın canfəşanlığı ilə Ermənistanın “inkişafı” naminə təşkil edilən belə tədbirlər yalnız və yalnız Cənubi Qafqazda sabitliyi pozmağa, iki ölkə arasında sülh müqaviləsinin imzalanmamasına xidmət edir. Çünki onlar nəyin bahasına olursa-olsun təcavüzkar Ermənistanın əli ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa, nəticədə burada möhkəmlənməyə çalışırlar. Başqa sözlə desək, Qərbin bu kimi addımları Ermənistanda kök salaraq, onu müstəmləkəsinə çevirməklə  bölgəni istədikləri kimi idarə etməyə, həmçinin Azərbaycana qarşı revanşist və şovinist siyasət üçün dayaq nöqtəsi axtarmağa, regional sabitliyə və təhlükəsizliyə böyük təhdid yaratmağa hesablanıb.

Bütün bunların Ermənistan üçün böyük problemlər yaradacağı şübhəsizdir. Hətta birmənalı şəkildə demək olar ki, Ermənistanı Ukrayna, Suriya, Livanın aqibəti gözləyir. Amma bir məsələni əminliklə vurğulamaq olar ki, Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də Qərbin Çənubi Qafqazda gərginlik yaratmaq istəyini fiaskoya uğradacaq.

"Caliber"in məlumatına görə, üstəlik ABŞ və Aİ atom elektrik stansiyalarının deaktiv edilməsi proqramı çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının sökülməsində İrəvana kömək edəcək və yeni atom elektrik stansiyalarının qurulması üçün maliyyə ayrılacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
131
Mənbələr
Şərh ()
Bağla