AZ

Burada bunu demirlər - Ay sənin, qıçın qırılsın!

Adil Şükürov qarşısına qoyulan tələbin altında qalmadı.

Ondan «Kəpəz»i Premyer Liqada saxlaması istənilmişdi, üzərinə götürdüyü öhdəliyi vaxtından xeyli əvvəl yerinə yetirdi.

Digər bir müsbət cəhət odur ki, çempionatda qalmaq vəzifəsi bitmiş sayılsa da, «Kəpəz» hazırkı mövqeyi ilə kifayətlənmək istəmir.

Ötən iki turda məğlubiyyətlə üzləşmiş kollektivin «Səbail» önündə verdiyi mücadilə, doğrudan da, kitablara düşəsidir.

Ardıcıl iki qol vurdular, sonra üçünü buraxdılar. Uduzacaqları gəldi ağıla, yenə mübarizədən qopmadılar.

Son saniyələrdə hesaba tarazlıq gətirdilər, Bayıldan 1 xal apardılar.

Qollardan ikisi könül oxşadı. Belə qollara görə «Kəpəz»i izləməyə dəyər.

Biz Premyer Liqada uzaq məsafələrdən vurulan zərbələrə və qollara az-az rast gəlməkdəyik. Hər futbolçu bu məsuliyyəti öz üzərinə götürmür.

Elə bilirsiz, 20-25 metrdən qapını nişan almaq hamının bacaracağı işdir? Bizdə belədir də, əksər hallarda məşqçilər tapşırır ki, qapıçı meydançasına daxil ol, sonra zərbə vur. Ona görə də qolların çoxu bir-birinə bənzəyir.

Yazıq futbolçu uzaq məsafədən qapıya doğru vuruş yapmaq istəyəndə, qorxudan ayaqları əsir. Tir-tir titrəyirlər ki, birdən zərbə qapının yan-yörəsindən keçər, üstümə qışqırarlar.

Tərslikdən çox vaxt belə də olur - zərbə «çərçivə»yə düşməyincə, texniki zonadan, yaxud tribunadan qışqırırlar: «Ay sənin, qıçın qırılsın!».

Adil Şükürov o güvəni verib oyunçularına. Basıb gözlərini çıxarmır ki, ay belə-belə olmuş, neylədin? Odur ki, rahatdırlar, hallarından məmnundurlar, istədikləri fasonda da qollar vururlar.

Görün bir, ayın ən yaxşı 5 qolu nominasiyasında mütləq «Kəpəz»dən hansısa futbolçunu orada görürük. Balaca iş deyil bu.

ELNUR

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla