AZ

Sülhməramlılar Qarabağdan vaxtından əvvəl çıxır -Proses başladı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Ermənistan kapitulyasiya aktını imzaladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Ancaq Ermənistan imzaladığı sənəddəki üzərinə götürdüyü öhdəliklərə əməl etmirdi. Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri həyata keçirdi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu. Əldə edilən razılaşmaya görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edildi.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə Bəyanata uyğun olaraq Qarabağın erməni əhalisi yaşadığı ərazidə Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib. Sənəddə Rusiya sülhməramlılarının 2025-ci ilin noyabrınadək Azərbaycan ərazisində qalacağı nəzərdə tutulub.

Artıq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması prosesinə başlanılıb. Aprelin 17-də sosial şəbəkələrdə Rusiya bayraqları altında 20 zirehli transportyor, onlarla benzindaşıyan və yük avtomobilindən ibarət kolonun Qarabağdan çıxmasına dair videogörüntülər yayılıb. Rusiya sülhməramlıları 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Təbii ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Prezidentin köməkçisinin sözlərinə görə, artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Yeri gəlmişkən, rəsmi Moskva da Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını təsdiq edib.

Doğru deyiblər, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu, düşünülmüş, milli maraqlara əsaslanan xarici siyasətinin, unikal diplomatiyasının növbəti uğuru, Azərbaycanla Rusiya Federasiyası arasında normal münasibətlərin qurulmasının nəticəsidir.

Bəli, zaman Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır bunu mən bilirəm” fikrinin doğruluğunu bir daha təsdiq etdi. Tarix qırx dörd günlük müharibəsindən sonra ölkəmizdəki radikal müxalifət təmsilçilərinin “vaveyla, hər şey əldən getdi, ay aman Rusiya ordusu yenidən Azərbaycana qayıtdı”, xaricdəki bəzi məkrli dairələrin cəfəng “proqnozlar”ının və iddialarının əsassız olduğunu, bütün bunları söyləyənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha göstərdi.

Zahid Rza, “İki sahil”

Seçilən
135
10
Mənbələr
Şərh ()
Bağla