AZ

“Ləkələr futbolumuzdan silinməlidi” – “Araz Saatlı”nın baş məşqçisi iddialara cavab verdi

Bilindiyi kimi, 1-ci liqanı 20-ci turunun “İrəvan” – “Araz Saatlı” qarşılaşmasının (1:4) nəticəsiylə bağlı şübhələr var.

“Football-plus.az” xəbər verir ki, bunun danışılmış oyun olmasıyla bağlı iddialar mövcuddu. Hətta AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də mövzuyla bağlı danışıb. O, “CBC Sport”a məsələnin məsələ nəzarətə götürüldüyünü deyib:
“Tərəfimizdən UEFA-ya məlumat ötürülüb və güc strukturlarına da müraciət olunub. Araşdırma aparılır”.


Belədə komandaların baş məşqçilərinin fikirlərinə ehtiyac duyduq. Görəsən, onlar bu barədə nə düşünür? “İrəvan”ın çalışdırıcısı Nazim Süleymanov zənglərimizə cavab verməsə də, “Araz Saatlı”nın baş məşqçisi Rüfət Quliyev dəstəyi götürdü:
“Bəli, Sərxan Hacıyevin açıqlamasından xəbərdaram. Çox yaxşı haldı. Şübhə varsa, araşdırılmasınını tərəfdarıyıq. Əminliklə deyə bilərəm ki, “Araz Saatlı” sonuncu pillədə olsa belə, danışılmış oyunlarla bağlı hər hansı söhbət ola bilməz. Baş məşqçi təyin olunandan sonra ilk sözüm “bacardığımız qədər futbolumuzu nümayiş etdirməli və inkişaf etməliyik” olub. Belə mövzularla bağlı birmənalı şəkildə söhbət etmişik. “Araz Saatlı”da nəinki belə arzuedilməz hərəkətlərə yol verəcək, ağlından keçirəcək adam da ola bilməz. “İrəvan”a gəlincə, bu klubun indiyə qədər bir neçə futbolçusu, hətta rəsmiləri belə ciddi qayda pozuntusuna yol verib. Yenə deyirəm, şübhə varsa araşdırılmalı və gerçəklər üzə çıxmalıdı. Ləkələr futbolumuzdan silinməlidi. Oyuna gəlincə, meydana yaxşı əhval-ruhiyyədə çıxmışdıq. Əvvəlki turda “Mingəçevir”i məğlub etdiyimizə (4:0 – red.) görə hər şey qaydasında idi. “İrəvan”a qarşı baxımlı futbol sərgilədik. Azarkeşlərimiz də bizi tək qoymadı. Şəxsən mən “İrəvan”ın oyunçularıyla bağlı şübhəli məqama da rast gəlmədim”.


Rüfət bəy 21-ci turda keçirilən “Araz Saatlı” – “Difai Ağsu” oyununu da dəyərləndirdi:
“İki qələbədən sonra “Difai Ağsu”ya qarşı derbi xarakterli oyun keçirdik. Xeyli azarkeş, şəhər və klub rəhbərlikləri, PFL və AFFA rəsmiləri stadiona gəlmişdi. Futbolçularım da çox istəkli idi. Lakin 17-ci dəqiqədə artıq ikinci qolu buraxmağımız komandamı ruhdan saldı. Nəticədə məğlub olduq. Fürsətdən istifadə edib azarkeşlərdən üzr istəyirəm. Əziyyət çəkib bizə görə stadiona gəlsələr də, onları məyus etdik. Çalışacağıq ki, belə hallardan nəticə çıxaraq”.


Xatırladaq ki, “Araz Saatlı” 21 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.

KƏNAN BAHADIR
Seçilən
67
Mənbələr
Şərh ()
Bağla