AZ

Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...

“Gürcü hökmdarı Demetre 1139-cu il zəlzələsi zamanı dağılmış Gəncə şəhərinə xaincəsinə basqın etmiş, şəhəri qarət etmiş və Gəncə qapılarını özü ilə aparmışdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: )
 
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...- XVIII mövzu
 
Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyəti.
 
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması sosial-iqtisadi həyatı
canlandırdı, iqtisadi inkişafa səbəb oldu. Ölkənin müxtəlif yerlərində hər cür
bitkilər yetişirdi, o cümlədən, Şirvanda və Dərbənd ətrafında zəfəran, kətan,
Lənkəran və Şəkidə çəltik, Kür çayının hər iki sahili boyunca taxıl, pambıq və sair
becərilirdi [6, s.88]. Suvarma sistemində kəhrizlərdən geniş istifadə olunurdu.
Üzümçülük, ipəkçilik, maldarlıq, balıqçılıq inkişaf etmişdi.
 
Azərbaycan kəndliləri iki təbəqəyə-uluclar və azad kəndlilərə bölünürdü.
Uluclar ərəblərin vaxtında torpaqsız olduqlarına görə asılı vəziyyətə düşmüşdülər,
azadlar isə özlərinin torpaq sahələrinə malik idilər. Mülk, iqta, vəqf kimi mülkiyyət
formaları, xərac, onda bir, yem və digər vergilər alınırdı [2, s.194-197]. 
 
Ölkənin Bərdə, Naxçıvan, Şamaxı Ərdəbil, Təbriz kimi böyük şəhərləri var idi.
Bir tərəfdən Volqaboyu və Şərqi Avropanı Yaxın və Orta Şərqlə, Hindistan,
İran (Kəngər) körfəzi ölkələrini Aralıq və Qara dəniz sahillərinin ticarət mərkəzləri
ilə birləşdirən beynəlxalq karvan yollarının Azərbaycandan keçməsi sənətkarlığın,
ticarətin, şəhərlərin inkişafı üçün şərait yaradırdı. O dövr mənbələrində Bərdə
şəhəri xüsusi fərqləndirilir və göstərilirdi ki, “Reydən və İsfahandan sonra “Aranın
anasi” Bərdə qədər böyük, çiçəklənən və gözəl şəhər” yox idi. Ərdəbil isə cənubun
“ən böyük şəhəri”, “əsas şəhəri” hesab olunurdu [1, s.79]. Dərbənd ən iri liman
şəhəri, Təbriz “gözəlliyinin bənzəri olmayan”, hətta “Bağdaddan üstün” şəhər idi.
Azərbaycan 50-dən artıq şəhəri ilə dünyanın ən çox şəhəri olan ölkələrdən birinə
çevrilmişdi [6, s.89-90].
 
IX əsrdən başlayaraq Azərbaycan mədəniyyəti tərəqqi, intibah dövrünü
keçirirdi. Azərbaycan Yaxın və Orta Şərqin mədəniyyət mərkəzləri ilə sıx qarşılıqlı
münasibətlərdə inkişaf edirdi. Azərbaycan mütəfəkkirləri “müsəlman intibahının”
yaradılmasında yaxından iştirak etmişlər.
 
Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər (Şadlılar)
sülalələrindən olan Azərbaycan hökmdarları elmin, maarifin inkişafına fikir verir,
dövrün qabaqcıl adamlarını saraya toplayırdılar. Azərbaycanın Gəncə, Bərdə,
Marağa, Şamaxı, Naxçıvan, Dərbənd, Təbriz, Ərdəbil və başqa şəhərlərdə
mədrəsələr vardı. Məscidlərin yanında fəaliyyət göstərən ibtidai məktəblərdə
şagirdlərə Quran öyrədilir, müxtəlif bilik sahələrinə dair ilkin məlumatlar verilirdi
[6, s.89-90].
 
IX-XII əsrlərdə ədəbiyyatda da güclü oyanış baş verdi. Ədəbiyyatda iki
cərəyan nəzərə çarpırdı: şifahi xalq yaradıcılığı və peşəkar yazıçıların qələmindən
çıxan klassik ədəbi nümunələr...
 
“Kitabi-Dədə Qorqud” Dəmirqapı Dərbənddən Diyarbəkr ətraflarına və
Mardinə, Xəzərdən Qara dəniz sahillərindəki Abxaz elinə və Trabzona qədər
böyük bir ərazidə yayılmışdı. VII-IX əsrlərdə ozanların Oğuz yurdunu oba-oba
gəzərək yaydıqları “boylar” türk dilli Azərbaycan xalqının mövcudluğunun
göstəricisi idi. Xalq yaradıcılığının digər nümunələri də var idi.
 
Azərbaycan poetik məktəbinin Nizamidən başqa bütün nümayəndələri
Səlcuq Sultanlarının, Azərbaycan Atabəylərinin və Şirvanşahların saray şairləri
olmuşdur. Azərbaycan saraylarında türk dili işlək dil idi. Amma şairlər fars dilində
yazırdılar.
 
XI-XII əsrlərdə böyük Nizami zirvəsinə yüksələn Azərbaycan ədəbiyyatının
Ömər Gəncəvi, Fələki Şirvani, Izzət Şirvani, Mücirəddin Beyləqani, Givami
Gəncəvi, Qətran Təbrizi, Xətib Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani və
başqaları kimi görkəmli sənətkarlar nəsli yetişdi [2, s.199; 8, s.35-42].
 
Bu dövrdə tanınmış dilçi və ədəbiyyatşünas Ömər Gəncəvi Azərbaycandan
başqa Bağdadda, Nişapurda, Həmədanda, Mərvdə - bütün Yaxın və Orta Şərqdə
tanınmışdı. XII əsrin görkəmli filosof şairlərindən biri də Eynəqüzzad Münayənaçı
(990-1131) olmuşdur. Əbüllüla Gəncəvi də öz dövrünün görkəmli şairlərindən idi.
Şairə “Məlikşüarə” rütbəsi verilmişdi. Bu dövr mütəfəkkirlərindən biri də
Eldənizlər sarayında xidmət etmiş Mücirəddin Beyləqanidir. Mədhiyyələrini
Cahan Pəhləvana və Qızıl Arslana həsr etmişdir. Qətran Təbrizi (1012-1086) öz
əsərlərini Təbriz və Gəncə saraylarında yaratmışdır. Təbrizi lirik şeir divanından
başqa farsca “Ətta-fasir” adlı izahlı lüğətin də müəllifidir. Məhsəti Gəncəvi
Azərbaycan intibahının görkəmli nümayəndələrindən biridir. İndiyədək 200-dən
çox rübaisi araşdırılmışdır.
 
Xaqani Şirvani (1126-1199) Şamaxıda dünyaya gəlmişdi. Azərbaycan
ədəbiyyatı tarixində ilk dəfə poema yazmış bu böyük sənətkar qəsidə janrını
yüksək sənətkarlıq zirvəsinə qaldırmışdır. Şirvanşahlar sarayına dəvət alandan
sonra Xaqani təxəllüsünü götürmüşdür (xaqanlara məxsus olan). Xaqaninin 17 min
beytlik lirik şer divanı, “Mədain xərabələri” və “Töhfətül-İraqeyn” poeması, nəsrlə
yazdığı məktublar qalmışdır. Şirvanşah Mənuçöhrə, Axsitana, Eldəniz hökmdarı
Qızıl Arslana, habelə yaşadığı dövrün mühüm hadisələrinə, yadellilər üzərində
qələbələrə bir sıra şeirlər yazmışdır [7].
 
Nizami Gəncəvi (1141-1209) şərq və dünya poeziyasının ən parlaq siması,
şəxsiyyəti idi. Nizamini Xilafətin süqutundan sonra siyasi və iqtisadi dirçəliş
dövrünü yaşayan Azərbaycanın ümumi tərəqqi mühiti yetişdirmişdi. Bu mühit
Sasani və Xilafət imperiyalarının süqutundan sonralar da uzun müddət Yaxın və
Orta Şərq ölkələri ilə - Orta Asiya, İran, İraq, Misir və Suriyanın mədəni
mərkəzləri ilə sıx əlaqədə idi. Dünyanın hər tərəfindən ən nadir sənət inciləri,
əlyazmaları Gəncəyə toplanmışdı. Dünya ədəbiyyatının ən böyük incilərindən olan
“Xəmsə” toplusu “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi
gözəl”, “İskəndərnamə”dən ibarət idi [8, s.35-42].
 
Bu dövrdə Azərbaycan fəlsəfə elmi də təşəkkül tapmışdır. Əbülhəsən
Bəhmənyar (993-1066) İbn Sinanın şagirdi olmuş, Azərbaycan fəlsəfi məktəbinin
əsasını qoymuşdur. O, “Azərbaycanlı filosof” adı ilə bütün Şərqdə məşhur
olmuşdur. Onun “Təhsil”, “Gözəllik”, “Musiqi kitabı”, “Metafizikanın mövzusu”
və digər ərəb dilində yazdığı əsərlər geniş yayılmışdı [9, s.65].
 
Bu dövrdə Azərbaycan tarixinə dair əsərlər də yazılıb. “Azərbaycan tarixi”
(Tarixi-Azərbaycan) adlı ilk əsər X əsrdə Rəvvadi hökmdarı Əbulhica ər-Rəvvadi
tərəfindən qələmə alınıb. Eyni adlı ikinci əsər 1145/46-cı ildə Fəxrəddin ət-Təbrizi
əl-Vaizi tərəfindən yazılıb. Təxminən eyni vaxtlara aid əl-Bərdəninin “Tarix-i
Arran”, əd-Dərbəndinin “Tarihi-Bab əl-Əbvab” (“Qapılar qapısı”,- Dərbənd
nəzərdə tutulur.- A.N.) əsərləri də məlumdur [4, s.399-400]. Mxitar Qoş (1130-
1213), onun şagirdi Vanakan və onun şagirdləri Gəncəli Kirakos (1200-1271) və
Vardan kimi alban səlnaməçiləri olmuşdur. Mxitar Qos “Qanunnamə” əsərinin
müəllifidir. “Qanunnamə”yə Şərqi Roma imperiyasının qanunları ilə yanaşı, Alban
kilsəsinin qanunları, “Musa qanunları” daxil edilmişdir. Qoş Albaniyada (Arranda)
1130-1162-ci illər dövründə cərəyan edən hadisələrin təsvirini verən “Alban
salnaməsi” əsərinin də müəllifidir. Gəncəli Kirakos moğol işğalı ərəfəsində və
həmin dövrdə baş verən hadisələri izah edən “Tarix” adlı əsərin müəllifidir [5].
 
 
Naxçıvanda Atabəylər memarlıq kompleksi tikilmişdi. Atabəylər memarlıq
toplusu Naxçıvan beynəlxalq əhəmiyyətli böyük şəhərə çevriləndə, XII əsrin II
yarısında yaranmışdı. Üzü Araza tərəf və möhkəm daş divarlı qala içində salınan
bu iri kompleksin tərkibində şah sarayı, dövlətxana (hökumət evi), məscid,
mədrəsə, türbə, yaşayış evləri və başqa yardımçı binalar vardı. Atabəylər
kompleksinin baş tikililərindən biri Möminə xatun türbəsi idi. Bu ansambldan
indiyə qədər yalnız Möminə xatun türbəsi qalmışdır [10]. Bütün bu və digər
əsərlərin müəllifi məşhur memar Əcəmi Əbubəkir oğlu Naxçıvani olmuşdur.
Şəddadilər (Şadlılar) dövründə Gəncə ətrafına möhkəm qala divarları
çəkilmişdir. Gəncənin müdafiə sistemi həmişə möhkəm olmuşdur. 1139-cu il
zəlzələsi Gəncəni darmadağın etdi. 1063-cü ildə Şəddadilər tərəfindən düzəldilmiş
Gəncə qapıları da sənət əsəri idi. Gürcü hökmdarı Demetre 1139-cu il zəlzələsi
zamanı dağılmış Gəncə şəhərinə xaincəsinə basqın etmiş, şəhəri qarət etmiş və
Gəncə qapılarını özü ilə aparmışdı. Qapıların bir tayı hazırda Kutaisi bölgəsinin
Gelati monastrında saxlanılır, digər tayı isə XVIII əsrdə monastırı təmir edərkən
dam örtüyü kimi istifadə olunub[3]. Şəddadilər (Şadlılar) tərəfindən 1027-ci ildə
həmçinin məşhur Xudafərin körpüsü inşa edilmişdir.
 
XI-XII əsrlərdə Şirvan şəhərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin
müdafiə tikililəri yenidən qurulmuşdu. 1045-ci ildə Şirvanşah Qubad (1043-1049)
Şamaxıya yonulmuş daşdan möhkəm qala divarları çəkdirmiş, dəmir qapılar
qoydurmuşdu. Bu dövrdə Şamaxı İc qalasında Şirvanşahların yeni saray kompleksi
tikilmişdi. Həmin dövrlərdə Azərbaycanın digər şəhərlərində də mühüm tikililər
inşa edilmişdir [11, s. 39, 48-49, 70, 71, 84-92, 108-109].
 
Bu əsrlər tarixə Azərbaycan mədəniyyətinin intibahı, yüksəlişi dövrü kimi
daxil olmuş, müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə olunmuş, iqtisadiyyatın
bütün sahələri inkişaf etmişdir.
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi. Ali Məktəblər üçün dərslik (Mehman Abdullayevin redaktorluğu
ilə). Bakı, “Bakı Universiteti”, 2014.
2. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. İkinci nəşr, Bakı, “Şərq-Qərb”, 2007.
3. Gəncə qalasının tarixi qapısı...- web.archive.org/web/20160307040306/
//www.azadliq.info/ 3458.html.
3
4. Hakkı D.Y. Sacilər: Azərbaycanda hökm sürmüş bir türk xanədanlığı, 889-941.
Tərcümə, əlavələr və qeydlər Əkbər N. Nəcəf, Bakı, “Başla” nəşriyyatı, 2019.
5. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, “Elm”,
1993.
6. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və
təhsil”, 2019.
7. Söz mülkünün xaqanı.- “Mədəniyyət” qəzeti, 2009, 18 dekabr, s.5.
8. Бертельс Е.Э. Великий азербайджанский поэт Низами. Баку, АзФАН, 1940.
9. Геюшев З. Методологические вопросы истории развития средневековой
философии народов Закавказья. Баку, Издательство «Элм», 1982.
10. Момине-хатун мавзолей (Популярная художественная энциклопедия). Москва,
Советская энциклопедия. 1986.
11. Усейнов М., Бретаницкий Л., Саламзаде А. История архитектуры
Азербайджана. Москва, 1963.
 
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla