AZ

“Barselona” fanatları PSJ azarkeşlərini və Vinisiusu təhqir etdilər

Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyunu ərəfəsində “Barselona” azarkeşləri idmanayaraşmaz davranışları ilə diqqət çəkiblər.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, onlarla “Barsa” azarkeşi PSJ-ni dəstəkləmək üçün Kataloniya paytaxtına buyurmuş yüzlərlə parisli azarkeşi ədəbsizcəsinə təhqir ediblər.

Mənbənin məlumatına görə, “blauqrana” azarkeşləri Barselonadakı “İspaniya meydanı”nda toplaşmış bir neçə yüz PSJ azarkeşinə orta barmaqlarını göstərməyə başlayıblar. Bundan əlavə, Kataloniya klubunun tərəfdarları Fransa nəhənginin ünvanına əxlaqsız təhqirlərlə dolu şüarlar səsləndiriblər.

Həmçinin ispan azarkeşlər PSJ ilə oyun ərəfəsində “Real”ın braziliyalı sol vingeri Vinisius Juniorun ünvanına “Vinisius, öl” şüarını səsləndiriblər. Kataloniya klubunun azarkeşləri bu qanacaqsızlığı oyunu keçirilməsi ərəfəsində, Barselonadakı “Olimpik Lyuis Kompanis” stadionunun yaxınlığında toplaşarkən göstəriblər.

Əvvəllər “blauqrana” pərəstişkarları Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə oyunundan əvvəl Vinisiusun ünvanına bu yaramaz şüarları səsləndirmişdilər.

İspaniya futbol rəhbərliyinin bu qeyri-idmani təzahürlər barəsində ölçü götürəcəyi ilə yanaşı, UEFA-nın da bu xüsusda müvafiq tədbir görəcəyi vurğulanır. Güman ki, “Barselona”, azarkeşlərinin tərbiyəsizliyi müqabilində pul cəriməsi ödəməli olacaq.

Xatırladaq ki, ilk oyunda Parisdə 3:2 hesabı ilə qələbə qazanmış “Barsa” evdə 1:4 hesabı ilə məğlub olaraq, Çempionlar Liqasındakı mübarizəsinə xitam verib.

Seçilən
56
50
Mənbələr
Şərh ()
Bağla