AZ

“İnşallah, son 4 turdan bir qələbə çıxacaq” – Nicatı bu gün nə gözləyir?

Nicat Abasov bu gün Kanadanın Toronto şəhərində keçirilən dünya şahmat tacına İddiaçılar turnirində növbəti görüşə çıxacaq.

28 yaşlı qrossmeyster 11-ci turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 22.30-da başlayacaq oyunda Nicat qara fiqurlarla çıxış edəcək. “Chessborn” kanalının admini Murad Həşimovun “Football-plus.az”a söylədikləri:

“Bu gün qara fiqurlarla mübarizə aparacaq Nicatın işi o qədər də asan deyil. Hər iki şahmatçı sonuncu oyunda məğlub olub. Gözlənilənlərin altında çıxış edirlər. Nicatla Əlirezanı müqayisə etsək, bəlkə də rəqibi daha pis vəziyyətdədi. Turnirin favoritlərdən olsa da, hazırda 7-ci yerdə qərarlaşıb. Amma turnir başlamazdan öncə Nicatın şansları elə də yüksək dəyərləndirilmirdi. Maraqlı və uzun oyun olacağını düşünürəm. Hər iki tərəf qələbə üçün mübarizə aparacaq. Yəqin ki, fransalı şahmatçı ağlarla hücum oynayacaq. Nicat güclü müdafiə qurmalıdı. Şans düşərsə, istifadə edib qələbə qazanmaq lazımdı. Əsas məsələ: şahmatçımız tələsməməlidi. Son oyunda Nakamuraya qalib gəlməyə çox az qalmışdı. Lakin bir qədər tələskənlik məğlubiyyətin əsas səbəbi oldu. Belə turnirdə səhv bağışlanmır. Əslində bu tura qədər ən az bir qələbə gözləyirdim şəxsən, amma rəqiblər də güclüdü. Heç bir halda Nicatı qınamaq olmaz. Nicat yaxşı oyun göstərir və oyunlara baxanda görürsən ki, o da qələbə qazanmaq istəyir. İnşallah, son 4 turdan bir qələbə çıxacaq. Daha iki oyunda ağlarla oynayacaq. Fikirləşirəm ki, onların birində Nicat qalib gələcək. Qukeşlə oyuna daha çox ümidliyəm. Uğurlar arzulayıram şahmatçımıza”.

GÜNAY SÜLEYMANOVA
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla