AZ

Bu il universitetlərə qəbul balları qalxacaq? - Ekspert AÇIQLADI

DİM tərəfindən martın 3-ü və 10-da keçirilən buraxılış imtahanında iştirak edən orta məktəb şagirdlərinin 53 nəfəri onlara təqdim olunan bütün test tapşırığına düzgün cavab verərək 300 bal toplayıb. Bununla əlaqədar olaraq bu il keçirilən buraxılış imtahanında test tapşırıqlarının asan olub olmaması və bu il qəbul imtahanlarından sonra balların qalxacağı maraq doğuran suallardan biridir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

 

“İlk növbədə qeyd edim ki, 2008-ci ildən tətbiq edilən yeni növ qiymətləndirmədən bir neçə il sonra kütləvi şəkildə maksimum bal toplanılması baş vermişdi. Çünki yeni model test tapşırıqlarına müəllimlərin, abituriyentlərin və repetitorların öyrəşməsinə vaxt lazım idi. Test üsulu ilə keçirilən qəbul imtahanlarının ilk illərində maksimum nəticə və yüksək ballar yox idi, bu, 2007-ci ildən sonra başladı. Hətta 2018-ci ildə maksimum sayda 700 bal toplayan olub. Keçirilən buraxılış imtahanında istifadə olunan sualların ilkin təhlili göstərir ki, bu ilin test tapşırıqlarında qapalı sualların nisbətən asanlaşması baş versə də açıq suallarda nisbətən çətinləşmə baş verib. Sadəcə həmin qapalı sualların timsalında şagirdlərin əksəriyyəti uğur qazanıb, açıq suallardan imtina isə xeyli sayda olub. Bunu ancaq DİM-in statistikası dəqiq göstərə bilər, bunun üçün də gözləmək lazımdır. Lakin bütün bunların ali məktəbə daxil olmaq üçün balların kəskin şəkildə yüksəlməsi ehtimalı yoxdur”.

 

Ekspert qeyd edib ki, balların qalxması sənəd verənlərin və ayrılan yerlərin sayına bağlıdır.

 

“İllər keçdikcə plan yerləri artır və yaxın illərdə məktəbi bitirənlərin yarısından çoxu tələbə olacaqlar. Bu il Qarabağ Universitetinin fəaliyyətə başlaması, Türkiyə-Azərbaycan Universitetinə qəbulun proqnozlaşdırılması, plan yerlərinin 60 mindən çox olması mövcud vəziyyəti tənzimləyəcək. Etiraf edək ki, son illər ərzində Elm və Təhsil Nazirliyinin regional idarələr vasitəsilə məktəblərdə monitorinq imtahanlarının keçirilməsi də nəticələrə təsir göstərib. Həmçinin DİM artıq bunkerində olan suallarını sinif testləri, test bankları vasitəsilə şagirdlərin ixtiyarına verib".

 

Ülkər Abdurahmanlı

Seçilən
142
28
Mənbələr
Şərh ()
Bağla