AZ

Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini ilk oxunuşda qəbul etdi


Gürcüstan parlamenti Tbilisidə kütləvi etirazlara səbəb olan “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, səsvermə zamanı layihənin lehinə 83 deputat səs verib.
Layihənin əleyhinə isə səs verən olmayıb.
Səsvermə müxalifətin iştirakı olmadan keçirilib. Kvorum 50 deputatdan ibarət olub.
Qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyatdan keçməsini və illik bəyannamələr doldurmasını tələb edir.
Layihə bundan sonra daha iki oxunuşda qəbul olunmalıdır. İkinci oxunuşda layihənin maddə-maddə müzakirəsi və əlavələr edilməsi, üçüncü oxunuşda isə qanunun mətninə redaksiya xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yalnız üçüncü oxunuşda qəbul edildikdən sonra layihə imzalanmaq üçün Gürcüstan Prezidentinə göndəriləcək.
Buna baxmayaraq, Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinin üç oxunuşda qəbul olunacağı təqdirdə, ona veto qoyacağını bildirib.
“Avropa İttifaqının strategiya və tövsiyələrinə zidd olan digər qanunlarla münasibətdə etdiyim kimi, bu qanuna da veto qoyacağam”, - deyə Zurabişvili BBC-yə müsahibəsində bildirib.
Bununla belə, Zurabişvili parlament çoxluğunun onun vetosunu ləğv edəcəyinə əmin olduğunu ifadə edib.
Qeyd edək ki, Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi bazar ertəsi “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib. Həmin gündən Tbilisidə parlamentin yaxınlığında kütləvi etiraz aksiyaları başlayıb. Mitinqlər bir neçə dəfə polislə toqquşmaya çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edib. Ümumilikdə, polis 30-a qədər nümayişçini inzibati əsaslarla saxlayıb.
Xatırladaq ki, aprelin əvvəlində hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra baş verib.
Qanun layihəsinə həm ölkə prezidenti Salome Zurabişvili, həm müxalifət, həm də diplomatik korpus, o cümlədən Aİ-nin Gürcüstandakı nümayəndəliyi və ABŞ səfirliyi etiraz edib.
Təşəbbüsün əleyhdarlarının fikrincə, qanun layihəsi Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına mane olacaq.
Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla