AZ

“Putinin andiçməsində iştirak məsələsi Paşinyan üçün seçim məsələsi ola bilər” - Siyasi şərhçi

Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməyəcəyinə hələ aydınlıq gətirməyib. Bir neçə gün əvvəl jurnalistlər parlamentdə Paşinyandan Putinin andiçmə mərasimində və mayın 8-də keçiriləcək Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak edib-etməyəcəyini soruşublar. Baş nazir bildirib ki, Avrasiya İqtisadi İttifaqının sessiyasında iştirak məsələsi müzakirə olunur, lakin Rusiya prezidentinin andiçmə mərasimində iştirakla bağlı hələlik qərar yoxdur. Paşinyan “Qərar nədən asılıdır?” sualına belə cavab verib: “Bütün qərarlar kimi, bir çox hallardan asılıdır”.

Nəyə görə Paşinyan qərar verməkdə tərəddüd edir? Paşinyan Moskvaya getməsə bu Rusiya tərəfindən hansı reaksiyalara səbəb ola bilər və ya getsə Qərbin buna münasibəti necə ola bilər?

Siyasi şərhçi Asif Nərimanlı Herbiand.az-a bildirib ki, əslində Nikol Paşinyan “Bütün qərarlar kimi, bir çox hallardan asılıdır” deməklə məsələdən yayınmağa çalışır:

“Hesab etmək olar ki, o, bu açıqlama ilə müəyyən qədər öz imicini, qiymətini artırmağa çalışır. Ola bilsin Rusiyadan hansısa məsələdə yumşalmalar, güzəştlər istəyir. Yaxud özünü daha baha qiymətə satmaq istəyir. Məhz buna görə bu qərarın bir çox hallardan asılı olduğunu bildirir. Amma fikrimcə, Nikol Paşinyanın Putinlə birbaşa görüşdən çəkindiyi ortadadır. Putinlə ona görə görüşdən yayınır ki, anti-Rusiya siyasəti həyata keçirməyə başladıqdan sonra Rusiya prezidenti bunun səbəblərini ondan soruşacaq. Bir növ o situasiyanı yaşamaq istəmir. Digər tərəfdən, davamlı olaraq Qərbə göstərir ki, anti-Rusiya mövqeyini davam etdirir və bu istiqamətdə addım atır. Çünki görünür, Qərb ondan Rusiyaya qarşı addımlar məsələsində daha çox hərəkətlər istəyir. Amma Paşinyan obyektiv və subyektiv səbəblərə görə Rusiyaya qarşı addımları tam ata bilmir. Misal üçün Rusiya ilə əlaqələr kəsiləcəyi təqdirdə iqtisadi problemlər yaşana biləcəyini anlayır.  O cümlədən, Rusiya birbaşa onun hakimiyyətinin əleyhinə hansısa formada Ermənistanda proses başlada və yaxud da müdaxilə edə bilər. Amma belə çıxır ki, Qərbin qarşısında müəyyən öhdəlikləri var. Bunu tam yerinə yetirə bilmədiyi üçün Putinlə görüşdən yayınmaqla anti-Rusiya ritorikasını sərtləşdirməklə həm də Qərbə nümayiş etdirir ki, həmin siyasətə sadiqdir”.

Asif Nərimanlı qeyd edib ki, burada başqa bir məqam da var:

“Paşinyan KTMT və MDB-nin iclaslarından çəkilsə də, Avrasiya İqtisadi İttifaqının iclaslarında iştirakda maraqlıdır və yaxud buna məcburdur. Çünki Ermənistan hərbi və siyasi baxımdan Qərbdə müəyyən alternativlər tapsa da, iqtisadi baxımdan buna nail ola bilməyib. Rəsmi məlumata baxsaq, aprelin 5-də Brüsseldə keçirilən görüşün nəticəsi Ermənistanın tam ürəyincə olmadı. Ayrılan iqtisadi yardımlar təbii ki, onun problemlərini həll etmir. O baxımdan Ermənistan çalışır ki, Avrasiya iqtisadi bazarını itirməsin. Digər tərəfdən İranın da bu İttifaqa yaxınlaşması, əməkdaşlığını genişləndirməsi Ermənistanı məcbur edir ki, bu çərçivədən çıxmasın və ya ən azından əməkdaşlığını dayandırmasın. Güman ki, Qərbin tam iqtisadiyyatının əldə edilmədiyi müddətdə bu davam edəcək. Yəni Paşinyanın iki tərəf arasında gəliş-gedişləri olacaq”.

Siyasi şərhçi düşünür ki, Rusiya prezidentinin andiçməsində iştirak məsələsi Paşinyan üçün bir növ seçim məsələsi ola bilər:

“Qərb onsuz da ona inanmır. Hətta 5 apreldə verilən maliyyə yardımının azlığı və yaxud Ermənistanın istədiyini tam almaması bu inamsızlıqdan irəli gəlir. Qərb bir növ Ermənistana bildirir ki, Rusiyaya qarşı planlarını həyata keçirsə həm hərbi, həm siyasi, həm də iqtisadi dəstəyi daha geniş şəkildə ala bilər. Bu o deməkdir ki, Qərbdə görünür Paşinyanın iki tərəf arasında müəyyən bir oyun oynadığını hiss ediblər və yaxud da ən azından tam inanmırlar. Bu baxımdan Paşinyanın Putinin andiçməsində iştirak etməsi Qərbdə ona qarşı inamsızlığı artıra bilər. Bunu Nikol Paşinyan da bilir. Lakin iştirak etməməsi Rusiya ilə problemləri daha da dərinləşdirə bilər. İqtisadi, siyasi və hərbi baxımdan problemlər yarana bilər. Ən əsası iqtisadi baxımdan daha ciddi problemlərlə üzləşə bilər. Bu baxımdan dilemma qarşısında qalıb. Lakin fikrimcə Paşinyan maksimum dərəcədə iştirakdan yayınacaq. O bu qərarının bir çox hallardan asılı olduğunu deməklə görünür Qərbə müəyyən mesajlar verməyə çalışır. Yəni, istəsə Rusiyayönümlü siyasətini qaytara, Rusiya ilə yenidən işləyə bilər. İstisna deyil ki, Paşinyanın açıqlaması buna hesablanmış da ola bilər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
59
50
Mənbələr
Şərh ()
Bağla