AZ

"İmişli" Premyer Liqanı arzulayır: "Hazırlıqlar ilin əvvəlindən başlayıb"

"İmişli" Azərbaycan I Liqasında 21 turdan sonra 42 xalla turnir cədvəlinin ikinci sırasındadır. Bölgə təmsilçisi lider "Qaradağ Lökbatan"dan 3 xal geri qalır. 

Klubun İdarə Heyətinin rəhbəri Aqşin Mürsəlov "FutbolPress"ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:

"Son oyunların hər biri bizimçün çox vacibdir. Birinci dövrədə itirdiyimiz xalların əziyyətini çəkirik. Baş məşqçimiz Əsgər Abdullayev güclü komanda formalaşdırıb, yeganə rəqibimiz özümüzük. Futbolçularla müntəzəm söhbətlərimiz olur. Heyətimizdə Premyer Liqada, Avropa Liqasında və milli komandada oynamış təcrübəli futbolçularımız var. Eyni zamanda gənc istedadlarımız da az deyil. Komanda olaraq çempionluğa hazırıq. Bununçün fərdi səhvlərdən xallar itirməməliyik. Həqiqətən, bu il I Liqada mübarizə çox maraqlıdır. 4-5 komandanın çempionluq şansı var və sona qədər mübarizə gedəcək".

Son günlər əsas müzakirə mövzusu APL-də komanda sayının artırılması və format dəyişikliyidir. Mürsəlov çempionatda komanda sayının tərəfdarı olduğunu və inkişaf üçün ciddi addımların atılmasının zəruriliyindən bəhs etdi:

"İcraiyyə Komitəsinin əksər üzvləri futbolu yaxşı bilir. Düşünürəm ki, formatla bağlı düzgün qərarı verəcəklər. Səviyyəli çempionat istəyiriksə, komanda sayı artmalıdır. Eyni zamanda keyfiyyətə də fikir vermək lazımdır. Düzdür, başlanğıclar çətin olur,  ancaq düzgün təməl olarsa, nöqsanları da aradan qaldırmaq olar. Bildiyim qədərilə, PFL-in əsasnaməsində Premyer Liqada pley-off oynanılması nəzərdə tutulmayıb. Amma istisnalar hər zaman olur. Çempionatımızın, futbolun inkişafı üçün ciddi addımlar atılmalıdır".

Hədəflərinin çempionluq olduğunu vurğulayan Mürsəlov ilin əvvəlindən Premyer Liqa üçün hazırlıqlara başladıqlarını da qeyd etdi:

"Premyer Liqa başqa səviyyədir, bunu anlayırıq. Hazırlıqlarımız ilin əvvəlindən başlayıb, inzibati və kadr məsələləri həll olunub. Stadionla bağlı problemimiz də yaxın zamanda öz həllini tapacaq. AFFA-nın dəstəyi ilə həm sünir örtüklü, həm də təbii meydançalar yenilənəcək. Klub olaraq ilk hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq və ölkə futbolunun inkişafına, kütləviliyinə nail olmaq, akademiya yaratmaqdır. Bizi həm ev, həm də səfər oyununda dəstəkləyən azarkeşlərimiz, "Küdrü Qartalları" fan qrupumuzla birlikdə çempionluq həyacanı yaşamaqdır".

Şahin Cəfərov
Seçilən
67
Mənbələr
Şərh ()
Bağla