AZ

"Gənclər daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlanırlar" - Sosioloq

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb.

Mövzu ilə bağlı BiG.AZ-a sosioloq Lalə Mehralı açıqlama verib.

O bildirib ki, statistikanı görən oğlanlar ailə qurmaqdan çəkinir, yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa o da qorxur, necə deyərlər süddən ağzı yanan suyu üfürərək içər. Qızlar daha seçici olur, boşanmaq ehtimalını nəzərə alır. Hamısı çək-çevir edir, evlənmək üçün ən yaxşı vaxtı, imkanı gözləyir. Gənclər daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlanırlar. Problem getdikcə böyüyür, ayaq açır, bütün ölkəni gəzir.

"Müşahidələr göstərir ki, boşanmanın qarşını almaq məqsədi ilə keçirilən boş seminarlar, bekar dəyirmi masalar vaxt itkisidir və nəticəsi yoxdur. Statistika da sübut edir ki, bu günədək o dəyirmi masa söhbətlərinin bir nəticəsi olmayıb, dövlət orqanlarının. QHT nümayəndələrinin yığışıb bir stol ətrafında söhbət eləmələri ucqar bir rayonda boşanma təhlükəsi yaşayan ailəni xilas etmir. Yerlərdə, bölgələrdə ciddi işlər görmək lazımdır. Ölkədə boşanan gənclər ordusu yaranıb, əlaqədar komitənin tükü tərpənmir. Azərbaycan ailələri ən dağıdıcı müharibələri görüb, çətin günlər yaşayıb, ac qalıb, çılpaq qalıb, yenə də boşanmalar bu qədər dəhşətli rəqəmlərlə xarakterizə olunmayıb.

Əvvəl ölkənin mövcud ailə dəyərləri vardı, birlik-bərabərlik, bütövlük anlayışları vardı. İndi varmı o anlayış, o dəyər? Azərbaycan ailəsi modeli nədir indi? Boşanmış tərəflər, ortalıqda qalmış uşaqlar, aliment davası, mülk çəkişməsi. Bunlar kimin əsəridir? Ailə dəyərlərinin qorumaqda və inkişaf etdirməkdə məsul olanlar bu faciəvi vəziyyəti necə düzəltməyi düşünür, maraqlıdır".
AYSEL ƏKBƏR


BiG.Az
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla